Məhkəmə qərarları › İş №3(5-111)-13/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-13/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-13/2026 16.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən 22 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayon Şahağacı kənd ərazisində xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan Astara rayon Şahağacı kəndində qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Şəxs qanunsuz olaraq əldə edərək saxladığı 01 ədəd «İj» markalı, tək lüləli, 20 kalibirli, Л37332 nömrəli ov silahının müvafiq şəhadətnaməsi olmadığını aşkarlamışlar, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşları gəlmişlər. Özlərini təqdim etdikdən sonra onda ov silahının olub - olmamasını soruşmuşlar. O da onlara evdə atasından qalan bir ədəd tək lüləli ov silahı olduğunu bildirmiş və ata yadigarı kimi saxladığını, istifadə etmədiyini əlavə etmişdir. O onu bir neçə dəfə sənədləşdirməyə çalışsa da ona mümkün olmadığını bildirmişlər. Atasından qalıb deyə də təhvil vermək istəmirdi. Qeyd etmək istəyir ki, o onları sırf yadigar kimi saxlamış başqa heç bir məqsədi olmamışdır. Səhv etdiyini qəbul edir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İzahat onun sözləri ilə yazılmış, ona ucadan oxunmuşdur. Heç bir əlavəsi yoxdur. Doğruluğunu imzası ilə təsdiqləyir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ov silahının götürülməsi barədə akta əsasən müəyyən edilir ki, Şəxs götürülmüş 01 ədəd «İj» markalı, tək lüləli, 20 kalibirli, Л37332 nömrəli ov silahı Astara rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, ov silahı Şəxs məxsusdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirəm və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almamasını, o cümlədən inzibati xətanın predmetini təşkil edən 01 ədəd «İj» markalı, tək lüləli, 20 kalibirli, Л37332 nömrəli ov silahının müvafiq sənədinin olmamasını əsas götürərək hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində ov tüfəngi müsadirə olunmaqla cərimə tənbehinin tətbiq olunması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan Astara rayon Polis Şöbəsində saxlanılan 01 ədəd «İj» markalı, tək lüləli, 20 kalibirli, Л37332 nömrəli ov silahı müsadirə olunmaqla 80 (səksən) manat məbləğdə cərimə olunsun. Astara RPŞ-də saxlanılan 01 ədəd «İj» markalı, tək lüləli, 20 kalibirli, Л37332 nömrəli ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat baş idarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Astara Rayon İcra və Probasiya şöbəsinə və Astara Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar