Məhkəmə qərarları › İş №3(5-111)-154/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-154/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-154/2026 19.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 fevral 2026-cı il tarixdə Lənkəran rayon Kərgəlan kəndi ərazisində qardaşına məxsus etibarnamə ilə idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən işıqların yaşıl işığının yanıb-sönməsi zamanı işıqfora çatmış, həmin anda işıqforu keçəndə, yəni yolayrıcıya daxil olanda qarşıdan gələn ərazidə xidmət aparan Yol patrol xidmətinin əməkdaşları saxla işarəsi verərək, yük avtomobilini yol kənarına çəkərək saxlamış, bundan sonra Yol patrol xidmətinin əməkdaşı ona yaxınlaşaraq “qırmızı işıqda keçibsən 3 bal 100 manat yazıram sənə” qeyd etmişdir. o da öz növbəsində xidmət aparan əməkdaşa fikrini izah etmişdir ki,işıqfora çatanda yaşıl işıq yanıb-sönürdü, əməkdaş ona məhəl qoymadan cərimə yazdığını söyləmiş, oda yazmamasını söyləyərək getmişdir. İdarə etdiyi yük avtomobili yüksüz halda çəkisi 6500 kq-dır və avtomobildə 7000 kq yük olmuşdur. Həmin anda nəticə etibarı ilə ümumi çəkisi 13500 kq-a yaxın olubdur. Ondan geridə sayını bilmədiyi minik avtomobilləri hərəkət edirdi. Bu yazılanları nəzərə alaraq hərəkətə davam etmişdir. Məhkəmə iclasında X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək, barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, protokol onun tərəfindən yerindəcə aşkar edildiyini, şəxsin qırmızı işıqda keçdiyini bildirib qərarın ləğv edilməməsini xahiş etmişdir Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 16 fevral 2026-cı il tarixdə Lənkəran rayon Kərgəlan kəndində X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə tətbiq edilmişdir. Videogörüntülərdə aşkar edilmişdir ki, şikayəti verən X5 hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsindən enərək törətdiyi inzibati xətanı müzakirə edir və polis əməkdaşı ilə cərimə yazılmaması üçün razılaşmağa çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat cərimə edilir. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixində 16 fevral 2026-cı il tarixdə Lənkəran rayon Kərgəlan kəndi ərazisində idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən işıqforun sarı işığında yolayrıcıya daxil olmuşdur. İş materialları ilə sözügedən hallar öz təsdiqini tapmışdır. Belə ki, tədqiq edilmiş videogörüntülərdə şikayət verən Nəhmətulla Süleymanovun saxlanıldığı inzibati xətaya görə barəsində inzibati tənbeh tətbiq edilməməsi üçün polis əməkdaşı ilə cərimə yazılmaması üçün razılıq əldə etmək istəməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, şikayətçi üleymanov Nəhmətulla Elşən oğlunun inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Lənkəran rayonu Yol patrul xidmətinin inspektoru, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar