Məhkəmə qərarları › İş №3(5-111)-26/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-26/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-26/2026 22.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, orta təhsilli, evli, işləməyən, (Fin xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi sərhəd sularında su-sərhədboyu rejim qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə 25 noyabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib edərək baxılması üçün Astara rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, 205 nömrəli gəmi xx.xx.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində olduğu zaman saat 10:35 radələrində alüminium tipli, üzərinə 1 (bir) ədəd “Yamaha-40” markalı asma mühərriki quraşdırılmış “VE-309” bort nömrəli qayıqla Lənkəran rayonu, Aşağı nüvədi kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1984-cü il təvəllüdlü X2 və Lənkəran rayonu Aşağı nüvədi kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1987-ci il təvəllüdlü Şəxs sahildən təyin olunmuş məsafəni pozaraq (7.6 mil məsafədə) həvəskar balıq ovu ilə məşğul olmaları aşkar olunmuşdur. Bununla da Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, 25 noyabr 2025-ci il tarixdə saat 10:45 radələrində Xəzər dənizində balıq ovu ilə məşğul olarkən sərhədçilər tərəfindən saxlanılmışdır. İmkansızlıqdan ailəsini dolandırmaq, evə çörək pulu aparmaq üçün sahildən 7.6 mil aralanmışdır ki, balıq tuta bilsin. Qayıq onun özünə məxsus deyildir və etibarnamə əsasında idarə etmişlər. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi özünün izahatı, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Sahil Mühafizənin 205 № li gəmi komandirinin köməkçisi kapitan-leytenant İ.Babaxanlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:45-də Xəzər dənizində sahildən 7.6 mil aralıda su-sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətmişdir. İş materiallarında olan VE-309 bort nömrəli qayığına baxış keçirilməsi və rejim pozucu qismində tutulması sxemindən görünür ki, xx.xx.2025-ci il tarixdə VE-309 bort nömrəli qayıq və iki nəfər heyyət üzvü sahildən 7.6 mil aralı məsəfədə rejim pozucu qismində tutulmuşdur. İş materiallarında olan kiçik həcmli üzmə vasitəsinə yoxlamanın keçirilməsi haqqında 205/76 nömrəli protokoldan görünür ki, Üzmə vasitəsinin tipi: alüminium, Bort (№-si): VE-309, Mühərrikin tipi: Yamaha-40, üzmə vasitəsinin sahibi X1 olmaqla protokolu imzalayan şəxslər 205 nömrəli sərhəd gəmisinin (katerinin) yoxlama qrupunun komandiri İ.Babaxanlı və VE-309 sahibi və ya etibarnamə ilə idarə edən şəxs Nəcəfov Anar olmuşdur. İş materiallarında olan kiçik həcmli üzmə vasitəsinin tutulması haqqında 205/59 saylı protokolundan görünür ki, Şəxs və X2 xx.xx.2025-ci il tarixdə saat 10:35-də Sərhəd rejim qaydalarını pozaraq sahildən 7.6 mil məsafədə balıq ovu ilə məşğul olmuşdur. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi etirafı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 571-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alıb onun barəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Bort (№-si): VE-309, Mühərrikin tipi: Yamaha-40, üzmə vasitəsinin sahibi X1 olduğundan müsadirə edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar