Məhkəmə qərarları › İş №3(5-112)-44/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-44/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-44/2026 02.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin sahə rəisi X5, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə Balakən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* və xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Balakən şəhəri H.Əliyev prospektində küçədə uca səslə ünvansız ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X9, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün barəsində inzibati xəta haqqında protokollar tərtib edilməsini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 10 radələrində bacısı banka getmiş, o isə maşında bacısının uşaqları ilə birlikdə gözləyirdi. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən ondan özlərinə məxsus olan maşına yer verməsini istədilər. O da yer verdi. Sonra onu yanlarına çağırdılar, telefon nömrəsini istədilər, telefonu maşından götürüb gəldi, onların dediyinə əsasən telefonu yandırdı, sonra kod yığ dedilər, o da etdi. Telefonunu götürmək istəyirdilər. Onları tanımadığına və mülki geyimdə olduqlarına görə telefonu niyə onlara verməli olduğunu soruşmuşdur. Sonra maşına oturmağını dedilər, o da maşına oturdu. Yenə telefonunu istədilər. Maşınında uşaqlar olduğu üçün polislərə dedi ki, uşaqları aparıb sonra gələcək. Yox deyib maşını sürdülər. Polislər telefonu əlindən almaq istəyəndə o da telefonu qırdı. Sonra düşmək istəyib maşının qapısını açdı. Polislər onu maşından çıxmağa qoymayıb şöbəyə apardılar. Şöbədə polis Cahid onu döymüşdür. Gödəkçəsi cırılmış, köynəyinin düyməsi düşmüşdür. Polislər onu yükləmək istəyirlər. Ona 2024-cü ildə oğurluq olduğunu dedilər, lakin o adamı tanımır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Balakən rayonu Qasbinə kənd sakini X4 məxsus evdən 2024-cü ildə edilmiş oğurluq hadisəsində onun qonşusu olan Şəxs şübhəli olması barədə məlumat aldılar. Buna görə də o, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şamil Mahayev ilə birlikdə xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Balakən şəhəri H.Əliyev prospektində Şəxs yaxınlaşdılar. Onlar Şəxs özlərini təqdim etdilər və onlarla birlikdə izahat verməsi üçün RPŞ-yə getməli olduğunu ona izah etdilər. Bu zaman Şəxs imtina etdi, uca səslə nalayiq ifadələr işlətdi. Sonra maşına əyləşdi. Kənan özünə məxsus mobil telefonu sındırdı. Maşının qapısını təpikləyib qapını açıb qaçmaq istəyirdi. Onlar Şəxs nizam-intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, Kənan onların qanuni tələblərinə qəsdən tabe olmadı. Sonra onlar Kənanı özlərilə birlikdə RPŞ-yə gətirdilər. Bundan sonra isə onlar bu barədə RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etdilər. Kənan şöbədə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X1 Cahid Zeynalabdin oğlunun izahatına uyğun izahat vermiş, əlavə olaraq Kənanın maşınında uşaq olduğunu görmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. 13-cü maddəsinə əsasən polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: 1) Hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək; 2) cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək. Polis əməkdaşları öz vəzifələrini həyata keçirərkən ayrıca əmr və ya göstəriş gözləmədən əməkdaşlıq etməyə, qarşılıqlı fəaliyyət göstərməyə və bir-birinə hərtərəfli kömək etməyə borcludurlar. 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır: 1) hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək; 3) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq; 8) bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək. 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər: 1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; 2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; 3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə. Məhkəmə işin hallarını, Şəxs qismən etirafedici ifadəsini, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli hesab etməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakteri daşıyan və məsuliyyətdən azad olunmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Onun ifadəsi şahid ifadələri, iş materialları ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 10:30-dan hesablanmalıdır. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 22 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 10:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Müdafiəçi Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 2 iş saatı üçün 22 manat Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar