Məhkəmə qərarları › İş №3(5-112)-45/2026

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(5-112)-45/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(5-112)-45/2026 03.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Zaqatala Rayon Məhkəməsinin 2(033)-832/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 3800 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; -inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; -inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində tərtib edilmiş 03 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, protokolda inzibati xətanın törədildiyi yer və vaxt, zərərçəkmiş şəxsin ünvanı göstərilməmiş, aliment borcunun məbləğini təsdiq edən sənəd, borclu Şəxs Balakən rayonu Püştətala kəndində yaşamasını təsdiq edən heç bir sübut materiala əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından görünür ki, icra məmuru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yaşadığı mənzildə olmamış, tələbin yönəldilə biləcəyi əmlaklarının olub-olmamasını yoxlamamışdır. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Balakən rayon İcra və Probasiya Şöbəsi isə məhkəmə aktının icrasının təmin edilməsi üçün bütün tədbirləri görmədən borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar