Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-60/2026 11.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Protokol tərtib etmiş vəzifəli şəxs Balakən RPŞ-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, evli, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli MN 2200318, xx.xx.2026-cı il tarixli MN ******* və xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 11 radələrində Balakən rayonu Tülü kəndində küçədən tapdığı şəxsi istehlak miqdarında narkotik vasitə marixuna istifadə etmişdir. Bundan başqa xx.xx.2026-cı il tarixdə saat 12 radələrində Balakən rayonu Tülü kəndində küçədə uca səslə ünvansız söyüşlər işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin dayandırılmasını tələb edərək onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTB-nin sahə rəisi inzibati xəta haqqında protokollara qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İnzibati xətaları törətməsi iş materialları ilə təsdiq olunmuş, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 11 radələrində yaşadığı Tülü kəndi ərazisində küçə ilə piyada getdiyi zaman qarşısına kibrit qutusu çıxdı. Kibrit qutusunu yerdən götürdü və içərisinə baxdıqda içində ot olmasını gördü. İylədikdə həmin otun marixuana ola biləcəyini düşündü. Bundan sonra cibindən siqaretini çıxardı və onun bir ədədinin içərisini boşaldaraq tapdığı otu siqaretin içərisinə doldurdu və maraq üçün çəkdi. Daha sonra boş kibrit qutusunu yolun kənarındakı su arxına atdı. Elə həmin gün saat 12 radələrində küçədə narkotik vasitənin təsiri altında uca səslə ünvansız söyüşlər söyməyə başladı. Bu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşdılar və ondan etdiyi davranışa son qoymağını tələb etdilər. O da onlara məhəl qoymadan təxminən 10- 15 dəqiqə müddətində yenə də söyüşlər söydü. Daha sonra polis əməkdaşları onu avtomaşına əyləşdirərək polis şöbəsinə gətirdilər. Törətdiyi əməldən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Cərimə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB polis nəfəri X3 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 12 radələrində Balakən RPŞ-nin CABın əməliyyat müvəkkili, polis kiçik leytenantı Murad Qurbanzadə ilə birlikdə Balakən rayonu Tülü kəndi ərazisində xidmətdə olduqları zaman bir nəfər şəxsin küçədə uca səslə ünvansız söyüşlər söyməsini aşkar edərək həmin şəxsə yaxınlaşdılar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən etdiyi davranışlara son qoymasını tələb etsələr də o, yenə öz hərəkətlərini davam etdirdi, onlara məhəl qoymayaraq ünvansız söyüşlər söyməyi davam etdirdi və bununla da onların qanuni tələblərinə qəsdən tabe olmadı. Nəhayət 15- 20 dəqiqə davam edən cəhdlərdən sonra həmin şəxsi rayon Polis Şöbəsinə gətirdilər və Növbətçi Hissəyə təhvil verdilər. Portal sistemi vasitəsi ilə aparılan yoxlama zamanı həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü Balakən rayonu Tülü kənd sakini olan Şəxs olması məlum oldu. RPŞ-də olarkən Şəxs davranışları onun narkotik vasitənin təsiri altında olması şübhəsini yaratdı. Yoxlama zamanı narkotik vasitə marixuna istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X1 Cahid Zeynalabdın oğlunun izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 13:00-da azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2026-cı il tarixli tibbi müayinə aktından görünür ki, xx.xx.2026-cı il tarixdə müayinə zamanı Şəxs sidiyində narkotik vasitə (THC-marixuana) aşkar edilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2026-cı il tarixli 207 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui - istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü Kamal və xx.xx.2018-cü il təvəllüdlü Zəhra adlı 2 uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İşin hallarını, proses iştirakçılarının, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-in 206, 510.1 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün dövlət icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə inzibati xətaları törətməsindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs tətbiq edilməli, onun inzibati həbs müddətinin əvvəli 09 fevral 2026-cı il tarixdən saat 14:30-dan hesablanmalı, qərar dərhal icra edilməli, qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həbs tətbiq edilmədən inzibati tənbehin məqsədlərinə çatmaq mümkün deyildir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, inzibati həbs növündə tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 09 fevral 2026-cı il tarixdən saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs növündə tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Qərarın narkomaniyadan məcburi müalicə hissəsində icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-112)-60/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-60/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver