Məhkəmə qərarları › İş №3(5-112)-61/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-61/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-61/2026 27.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, X2 katibliyi Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-ci ildə Zaqatala şəhərində anadan olmuş, FİN № xxxxxxx, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Balakən rayonu Qullar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Pin up” casino online qumar saytında oyun hesabına 20 manat pul köçürməklə oynadığı qanunsuz qumar oyununda 220 manat uduş əldə etmişdir. Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X3 məhkəmə iclasında bildirmişdir ki, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 525-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş, onlayn qumar oynadığını, 20 manat pul qoyduğunu və 220 manat qazandığını, həmin oyunun qanunsuz olduğunu bilmədiyini, törətdiyi əməldən peşman olmasını bildirmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan mobil telefondan çıxarışdan görünür ki, mailto:turaleliqayev8899@gmail.comElektron ünvan poçt ünvanının istifadəçisi “pinco419.win” saytında qeydiyyatdan keçərək oyun hesabına xx.xx.2025-ci il tarixdə 20 manat pul köçürməklə 220 manat uduş əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, şəxsin təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş oyun zamanı qazanılmış uduş müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində oyun zamanı qazanılmış 220 (iki yüz iyirmi) manat pul vəsaiti müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar