Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-78/2026 02.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, protokol tərtib etmiş şəxs Balakən RPŞ-nin İTBnin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN № xxxxxxx, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Zaqatala rayonu Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2026-cı il tarixli MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20 radələrində Balakən şəhəri H.Əliyev prospektində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4, xx.xx.2026-cı il tarixdə icraatına raport daxil olduğunu, həmin raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edildiyini, inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu, barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o həm Zaqatalada, həm də Balakəndə çoban işləyir. xx.xx.2026-cı il tarixdə Baləkənə gələn zaman Zaqatalada yerləşən mağazadan spirtli içki aldı. Yolda həmin içkini qəbul etdi. Həmin gün saat təxminən 20 radələrində Balakən şəhəri H.Əliyev prospektində yerləşən Bayraq meydanı adlanan yerə çatdı. Həmin zaman spirtli içkinin təsiri altında idi. Bu zaman özündən aslı olmadan küçədə ucadan ünvansız söyüşlər söyməyə başladı. Ərazidə olan Polis əməkdaşları ona yaxınlaşdılar. Onlar onu nizam intizama dəvət etdilər. Ancaq o, içkili olduğu üçün onlarla mübahisə etdi. Sonra isə onu Polis şöbəsinə gətirdilər. Hazırda etdiyi əməldən peşmandır. Barəsində cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 20 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elmar Əsgərovla birlikdə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman “Bayraq Meydanı”nın yaxınlığında bir nəfər şəxsin uca səslə küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu gördülər. Onlar həmin şəxsə yaxınlaşaraq ona özlərini təqdim etdilər və onu nizam-intizamlı olmağa çağırdılar. Həmin şəxsin spirtli içkinin təsiri altında olması aşkar hiss olunurdu. Onlar dəfələrlə ondan etdiyi davranışlara son qoymasını istəsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdi. Təxminən 10-15 dəqiqə həmin şəxs onlarla mübahisə etdikdən və uca səslə ünvansız nalayiq ifadələr işlətdikdən sonra onlar onu özlərilə birlikdə RPŞ-yə gətirdilər və Növbətçi Hissəyə təhvil verdilər. RPŞ-də olan zaman həmin şəxsin Zaqatala rayonu Dağlı kənd sakini Şəxs olduğu məlum oldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X1 izahatına oxşar izahat vermişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə saat 14:30-da azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2026-ci il tarixli 81 saylı tibbi müayinəsi aktından görünür ki, xx.xx.2026-cı il tarixdə saat 21:00-da alkotesterlə müayinə zamanı Şəxs qanda alkoqolun konsentrasiyasının 0.592% promilli olmasına əsasən alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta haqqında protokollar Balakən RPŞ-nin İTB-nin sahə rəisi tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib olunsa da, məhkəməyə xx.xx.2026-cı il tarixdə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İşin hallarını, tərəflərin, şahidlərin izahatını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 33.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Məhkəmə inzibati xətaları törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tətbiq edilməlidir. O cümlədən İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-112)-78/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-78/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver