Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-79/2026 16.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin (Balakən rayonu, Balakən şəhəri, S.Gözəlov, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X6nin baş əmək müfəttişi X10 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 fevral 2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 müraciətilə bağlı Cəmiyyətə sorğu məktubu göndərilmiş, lakin Cəmiyyət tərəfindən İXM-nin 539.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının tələblərilə bağlı bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri məlumat və sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 61.3-cü maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb onlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X11 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətdən görünür ki, o iş yerindən öz ərizəsilə işdən çıxmaq üçün müraciət etmişdir. İşdən çıxmaq istəməyinin əsas səbəbi iş yerində şəxsi həyatın toxunulmazlığının kobud şəkildə pozulmasıdır. Belə ki, onun işlədiyi otağa əvvəlcədən xəbərdarlıq edilmədən və razılığı olmadan video müşahidə kamerası quraşdırılıb. İş yerində ayrıca geyinmə-soyunma otağı mövcud olmadığından, o, paltarını məcburən rentgen otağında dəyişmişdir. Bu faktı o rəhbərliyə yazılı ərizəsində də açıq şəkildə qeyd etmişdir. Rəhbərlik həmin ərizəni oxuduqdan sonra dərhal faktiki mövcud olmayan EMQ çəkim otağının qapısına “geyinməsoyunma otağı" yazmışdır. Halbuki, real olaraq belə bir otaq olmayıb, Bu vəziyyətlə bağlı video sübutlar mövcuddur və iş-yerində çalışan bütün əməkdaşlar buna şahiddir. Video göndərmək mümkün deyil. Buna baxmayaraq, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi süni şəkildə uzadılır və rəhbərlik ona şifahi formada deyibki ki, “səni pis maddə ilə işdən azad edəcəyəm”, o hansı səbəblə sual verəndə, qarşılığında isə rəhbərlik ona "çətin iş deyil bir səbəb uyduraram" deyə cavab verib. Onun əmək intizamı ilə bağlı hər hansı pozuntusu olmayıb və faktların sonradan dəyişdirilərək təqdim edilməsi, habelə ona qarşı təzyiq və hədələr qanunsuzdur. Xahiş etmişdir ki, mövcud vəziyyətlə bağlı hüquqi izahat verilsin və əmək müqaviləsinə öz ərizəsi əsasında, qanuni qaydada xitam verilməsi, həmçinin qeyd olunan hallara hüquqi qiymət verilməsi məsələsində ona köməklik göstərilsin. 15 fevral 2026-cı il tarixli X12 tərəfindən verilən izahatdan görünür ki, müraciətiylə bağlı izahata dəvət olunmuşdur, lakin ölkə xaricində olduğu üçün izahata gələ bilmədi. O, X12, Balakən rayon Elmas Klinik MMC - də tibb bacısı vəzifəsində çalışmışdır. İşdən ayrılmağı rəhbərliyin qərarı ilə deyil, öz yazılı ərizəsi əsasında baş vermişdir. İşdən çıxma səbəbi iş yerində işçi heyəti üçün nəzərdə tutulmuş geyinmə-soyunma otağının olmaması olmuşdur. Bu səbəbdən məcbur qalaraq paltarını rentgen otağında dəyişmişdir və həmin otaqda əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilmədən müşahidə kamerası quraşdırıldığını görmüşdür. Kameranın işlək vəziyyətdə olması onda ciddi psixoloji narahatlıq və stress yaratmışdır. İşçilərin şəxsi məkanına dair əvvəlcədən məlumat verilməməsi və alternativ şərait yaradılmaması əmək mühitinin normal tələblərinə ziddir. Bu halı gördükdən dərhal sonra — xx.xx.2026 tarixində — öz istəyi ilə işdən çıxmaq üçün ərizə təqdim etmişdir. Bundan sonra müəssisə rəhbərliyi tərəfindən polis orqanına şikayət edilərək guya onun işlək vəziyyətdə olan rentgen və mammoqrafiya cihazlarına qəsdən zərər vurduğu iddia edilmişdir. Polis araşdırması nəticəsində cihazların işlək vəziyyətdə olduğu təsdiq edilmiş, iddianın əsassız olduğu müəyyən olunmuş və iş üzrə icraata xitam verilmişdir. Bu müraciət ona qarşı əsassız ittiham xarakteri daşımışdır. İşlədiyi müddət ərzində barəsində hər hansı intizam pozuntusu aktı tərtib olunmamış, ondan yazılı izahat alınmamış, töhmət və ya rəsmi xəbərdarlıq verilməmişdir və bununla bağlı heç bir sənədə imza atmamışdır. İşlədiyi dövr ərzinde yalnız qısa müddətli — bir neçə günlük icazələr rəhbərliyin məlumatı ilə və ərizə əsasında olmuşdur. Bu günlər illik əmək məzuniyyəti kimi rəsmiləşdirilməmiş, məzuniyyət əmri verilməmiş və məzuniyyət ödənişi aparılmamışdır. Ümumilikdə illik əmək məzuniyyətindən istifadə etməmişdir və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilməmişdir. Buna baxmayaraq, öz ərizəsi əsasında işdən ayrılmağına rəğmən, əmək münasibətlərinə xitam verilməsi sənədlərdə və sistem qeydiyyatında əsassız olaraq "pis maddə'’ ilə rəsmiləşdirilmişdir. Bu qeyd faktiki vəziyyəti əks etdirmir və onun əmək nüfuzuna zərər vurur. Yuxarıda göstərilən halların araşdırılmasını, işdən azad olunmağı barədə əsassız əmrin ləğv edilməsini, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın və işdən azad olunmaya görə yekun haqq-hesab ödənişinin ödənilməsini və pozulan hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X6 tərəfindən “Elmas Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 27 yanvar 2026-cı il tarixli, 3-17-5/2- 11857/2026 nömrəli məktubdan görünür ki, vətəndaş X12 əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsi barədə müraciətinə X14 Xidmətinin X6ndə baxılır. Qeyd edilənləri nəzərə alaraq X12 ilə bağlanılmış əmək müqaviləsinin, işə qəbul edilməsi ilə bağlı təqdim etdiyi ərizəsi, işə qəbul əmrinin surəti, X7 işlədiyi son iki ay üzrə adı olan iş vaxtının uçotu cədvəllərinin surəti, X7 işlədiyi son iki üzrə əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, X7 işlədiyi dövr üzrə məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), X7 işlədiyi dövr üzrə məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, X7 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X5 müraciət və HİT-nın razılığı və s.), X2 haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, Vətəndaşların müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu 7 (yeddi) iş günü ərzində X14 Xidməti X4 təqdim edilməsi xahiş olunmuşdur. “Azərpoçt” elektron sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6nin 27 yanvar 2026-cı il tarixli, 3-17-5/2- 11857/2026 nömrəli məktubu xx.xx.2026-cı il tarixdə hüquqi şəxsə çatdırılmışdır. “Elmas Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X4 ünvanlanan məktubundan görünür ki, “Elmas Klinik" MMC tərəfindən X7 müraciətinə münasibət bildirilmiş, son haqq-hesab və məzuniyyət pulu ilə bağlı Bahar Altuntaş və əri Furkan Altuntaş 2025-ci ilin dekabr ayı ərzində Türkiyə Respublikasına getmək üçün icazə almış və 2026-cı ilin yanvar ayının da əmək haqqının bir hissəsini avans olaraq almışlar. Həmçinin Türkiyə Respublikasına getməzdən əvvəl müəssisədən alacaqları hər hansı əmək haqqı və digər ödənişlərin qalmamasına dair ərizə yazmışlar. Tələb olunan bütün sənədlərin əlavə olunması qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli 02/25 nömrəli əmrdən görünür ki, X3 Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli X12 tərəfindən verilmiş ərizədən görünür ki, o, “Elmas Klinik" MMC-də işə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli X12 tərəfindən verilmiş izahatdan görünür ki, o, “Elmas Klinik" MMC-də çalışdığı dövr ərzində 2025-ci ilin dekabr ayı üçün ona hesablanmış əmək haqqını tam şəkildə almışdır. Hazırda sözügedən ay üzrə klinikada hər hansı bir əmək haqqı və ya digər ödəniş alacağının qalmadığını, maliyyə baxımından heç bir iddiasının olmadığını təsdiq etmişdir. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, X7 intizam pozuntusu haqqında akt tərtib edilmişdir. xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, X1 qeyd olunan tarixdə izahat alınmışdır. xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, Qaracayeva Gülgündən qeyd olunan tarixdə izahat alınmışdır. X7 əmək haqqı hesablanması və ödənilməsinə dair cədvəldən görünür ki, X8 aid kart hesabına xx.xx.2025-ci il tarixdə 364 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2026-cı il tarixdə 0 manat ödəniş olunmuşdur. xx.xx.2026-cı il tarixli intizam xəbərdarlığından görünür ki, X8 “Elmas Klinik" MMC tərəfindən əmək intizamının pozulması və işə gəlməmə barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli intizam xəbərdarlığından görünür ki, X8 “Elmas Klinik" MMC tərəfindən əmək intizamının pozulması və işə gəlməmə barədə xəbərdarlıq edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X6 tərəfindən “Elmas Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 06 fevral 2026-cı il tarixli, 3-17-5/2- 17154/2026 nömrəli məktubdan görünür ki, Daxil olmuş müraciətin araşdırılması ilə əlaqədar olaraq onlara xx.xx.2026-cı il tarixli 3-17-5/2-11857/2026 nömrəli sorğu məktubu göndərilmişdir. Lakin, məktubda tələb olunan sənədlər tam olaraq təqdim olunmamışdır. Həmçinin təqdim edilmiş natamam sənədlərdə inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq və inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2026 il tarixdə saat 10:00-da X14 Xidmətinin X4 və ya video konfrans vasitəsi ilə dəvət olunmuşdur. “Azərpoçt” elektron sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6nin 06 fevral 2026-cı il tarixli, 3-17-5/2- 17154/2026 nömrəli məktubu 11 fevral 2026-cı il tarixdə hüquqi şəxsə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. 15.5-ci maddəsinə əsasən əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Beləliklə, tədqiq edilmiş inzibati xəta haqqında protokol və materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, vətəndaş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4 şikayəti əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə 27 yanvar 2026-cı il tarixli, 3-17-5/2-11857/2026 nömrəli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. “Elmas Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X4 ünvanlanan məktubunda tələb olunan bütün sənədlərin əlavə olunması qeyd edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın tələblərilə bağlı İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı sənədlər tam təqdim olunmamışdır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-112)-79/2026
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-79/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver