Məhkəmə qərarları › İş №3(5-112)-81/2026

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(5-112)-81/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(5-112)-81/2026 03.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mustafayeva Kərimə Şamil qızının katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, evli, işləməyən, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə yaranmış 16400 manat aliment borcunu tələbkara ödəməkdən qəsdən boyun qaçırmış, inzibati xəta xx.xx.2026-cı il saat 12:00-da Balakən RİPŞ-də törədilmişdir. Bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 izahatında bildirmişdir ki, Şəxs Cavatxan oğlundan 11 sentyabr 2013-cü il tarixdən başlayaraq 22 iyul 2005-ci il tarixdə anadan olmuş X1 və 02 iyul 2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat-cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Protokol tərtib edilən tarixə ödənilməmiş aliment borcu 16400 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Borclu dekabr ayında şöbədə olarkən özünə məxsus torpağını satıb borcu ödəməsi üçün vaxt istəmiş, vaxt verilməsinə baxmayaraq torpaq satılmamış, borcdan tam ödəniş etməmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün ödəyə bilməyib, uşaqların özünə pul göndərib, tələbkarla razılaşmışdır ki, nə qədər imkanı olsa, o qədər ödəniş edəcək, lakin sonra şikayət etməyə başlamışdır. Özünə məxsus torpaq sahəsi var, çıxarış əldə etdikdən sonra onu satıb borcunu ödəyəcək, bunun üçün vaxt verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-645/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Cavatxan oğlundan 11 sentyabr 2013-cü il tarixdən başlayaraq 22 iyul 2005-ci il tarixdə anadan olmuş X1 və 02 iyul 2008ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat-cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-645/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. xx.xx.2014cü il tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1193/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Cavatxan oğlu 22 iyul 2005-ci il tarixdə anadan olmuş X1 və 02 iyul 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli 2(019)-645/2015 saylı qətnaməsi üzrə 05 oktyabr 2015-ci il tarixədək X6 ödəməli olan aliment borclarından azad edilməlidir. 17 noyabr 2016-cı il tarixli xəbərdarlıqdan və 20 iyun 2017-ci il tarixli təkrar xəbərdarlıqdan görünür ki, borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-247/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadından görünür ki, - Balakən Rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli 2(019)-645/2015 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2026-ci il tarixli Balakən rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilən aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli 2(019)- 645/2015 saylı icra sənədi üzrə borclu Şəxs yaşayış evinə baxış keçirildi. Yaranmış aliment borcunun ödənilməsi məqsədi ilə borcun yönəldə biləcək qanunla nəzərdə tutulan qaydada üzərinə həbs qoyula biləcək heç bir əmlak aşkar edilmədi. Borclu Şəxs tələbkar X6 ödədiyi aliment cədvəlindən görünür ki, qalıq ümumi borc 16400 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşləmədiyi üçün alimenti ödəməməsi ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır, bu, alimentin ödənilməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Ona icra məmuru tərəfindən kifayət qədər vaxt verilməsinə baxmayaraq 2026-ci ilin yanvar ayında cəmi 100 manat ödəniş etmiş, 16400 manat aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs tətbiq edilməli, həbs müddətinin əvvəli 03 mart 2026-cı il tarixdən saat 17:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs müddətinin əvvəli 03 mart 2026-cı il tarixdən saat 17:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar