Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-174/2026 06.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı elektron qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayətlə məhkəməyə müraciət edərək, 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı elektron qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 yanvar 2026-cı il tarixdə Beyləqan şəhəri, Magistral küçəsi ilə “Chevrolet Malibu” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin ərazidə quraşdırılmış müşahidə kameraları vasitəsilə guya nizamlanmayan piyada keçidinə daxil olması və piyada zolağında hərəkətdə olan yol hərəkəti iştirakçısına yol vermədən hərəkətini davam etdirməsi müəyyən olunmuş və bu səbəbdən barəsində İXM-in 330.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib, müvafiq qərar qəbul edilmişdir. 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı elektron qərarla İXM-nin 330.0.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı 50 manat cərimə tətbiq edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməsni xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi X4 və Azərbaycan Respublikası DİNnin Baş X6 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin şikayətçi gəlməmiş, BDYPİ-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “Chevrolet Malibu” markalı, ** DC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Chevrolet Malibu” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan şəhəri, Magistral küçəsində nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi kamera vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 330.0 və 330.0.1-ci maddələrinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə edilir. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X1 proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X1 müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X1 məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tədqiq olunmuş foto görüntüdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi “Chevrolet Malibu” markalı, ** DC *** qeydiyyat nişanlı avtomobil təhlükəsiz şəhər kameraları vasitəsi ilə məhz qeydə alınmış və avtomobili nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi qaydalarını pozmaqla idarə etdiyi müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Belə ki, inzibati xətanın təhlükəsiz şəhər kameraları vasitəsilə aşkara çıxarılması ilə əlaqədar qanunverici tərəfindən hər hansı bir istisna müəyyən edilməmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi müşahidə kamerasının görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Törədilmiş xətanın “Təhlükəsiz Şəhər” kamerası vasitəsilə bilavasitə müəyyən edilməsinin qanuna zidd olaraq əsas gətirilməsi gələcəkdə hüquqdan sui-istifadə hallarına gətirib çıxarmasını, habelə ədalətin bərpa olunmayacağını istisna etmir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xəta törədilmişdirsə, bu xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar vardırsa və inzibati məsuliyyətdən azad edən halların mövcudluğu xaricindədirsə əməli törətmiş şəxsə tənbehin tətbiq edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatın qarşıya qoyduğu vəzifələri təkzib etmiş olacaqdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X2 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətçi şikayətinin əsası olaraq piyadanın piyada zolağında dayanaraq hərəkət etmədiyini görüb, avtomobilin hərəkətini davam etdirdiyini qeyd etmişdir. Lakin, təqdim olunmuş fotoşəkildən görünür ki, yolun əks hərəkət istiqamətində “Niva” markalı avtomobil məhz hazırki iş üzrə şikayətçinin hərəkət istiqamətində olan piyadanın piyada zolağına daxil olması səbəbindən avtomobilinin hərəkətini dayandırmış, şikayətçinin avtomobili piyada zolağının üzərinə keçdiyi zaman belə, qeyd olunan “Niva” markalı avtomobil hərəkətsiz vəziyyətdə qalmışdır. Eyni zamanda, fotoşəkildən görünür ki, şikayətçinin avtomobili piyada zolağına yaxınlaşdığı zaman piyada sol ayağını yolun orta qoşa xəttindən etibarən 6-cı zolağa qoysa da, avtomobil artıq zolağın tam ortasında olduğu zaman, piyada 5 və 6-cı zolaqların arasında hərəkət vəziyyətində olmuşdur. bu isə o deməkdir ki, avtomobil hərəkətini dayandırmamışdır. İXM-in 122.1-ci maddəsinə görə, 330-cu maddədə nəzərdə tutulan inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, həmin vasitələrin məlumatları X1 proqram təminatı əsasında ötürülməklə elektron qərar qəbul edilə bilər. Ədalətlilik yalnız qanunun mətninə formal yanaşmaqla deyil, qanunun məqsədini – ictimai təhlükəsizliyin qorunmasını və hüquqdan sui-istifadənin qarşısını almağı təmin etməklə reallaşır. Hazırkı işdə şikayətçinin hərəkəti ictimai təhlükəsizliyə birbaşa real zərər təhlükəsi yaradır. Bu səbəbdən, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi sübut olunmuş, təqdim edilən sübutlar qanuni, etibarlı və kifayət qədərdir, şikayətçinin gətirdiyi arqumentlər isə əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, EQ 33175621 saylı elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(5-113)-174/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-174/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver