Məhkəmə qərarları › İş №3(5-113)-392/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-392/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-392/2026 11.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi Səfərоv Səbuhi Əlifаğа oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, xx xxxxxx 1982-ci il tarixdə Beyləqan rayonunun, Tatalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonunun, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RİP) daxil olmuş 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasən Şəxs 11 fevral 2026-cı il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd 54586 nömrəli, “İJK” modelli, 16 kalibrli təklülə ov tüfəngini yaşadığı Beyləqan rayonunun, Tatalılar kəndində yerləşən evində saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi ünvanlanmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında materiallarla tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 27 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2026-cı il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd 54586 nömrəli, “İJK” modelli, 16 kalibrli təklülə ov tüfəngini yaşadığı Beyləqan rayonunun, Tatalılar kəndində yerləşən evində saxlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 13 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd 54586 nömrəli, “İJK” modelli, 16 kalibrli təklülə ov tüfənginin saxlanılmasına aid hissədə əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati məsuliyytə cəlb edilməsi məsələsinə baxılmasından ötrü aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 fevral 2026-cı il tarixli, S-13-6/2-1733-2026 nömrəli məktubun surətindən görünür ki, 13 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Şəxs inzibati məsuliyytə cəlb edilməsi məsələsinə baxılmasından ötrü Beyləqan rayon Polis şöbəsinə göndərilmişdir. Qanunvericiliyin tətbiqi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 38. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddə 84. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 32. İnzibati məsuliyyəti yüngülləşdirən hallar aşkar olunmamışdır. Maddə 33. İnzibati məsuliyyəti ağırlaşdıran hallar aşkar olunmamışdır. Maddə 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan mülki ov silahının daşınması qaydasını pozmuşdur. Beləliklə, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan sənədsiz ov silahını üzərində gəzdirməklə İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və bir ədəd mülki ov silahı müsadirə edilməklə, həmin maddənin sanksiyası həddində inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinsin və ondan götürülmüş bir ədəd 54586 nömrəli, “İJK” modelli, 16 kalibrli təklülə ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası silahın müsadirə edilməsinə dair hissədə Beyləqan rayon Polis şöbəsinə, inzibati cəriməyə dair hissədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar