Məhkəmə qərarları › İş №3(5-113)-417/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-417/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-417/2026 10.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Bеyləqаn Rayon Məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin rəisi X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, subay, işsiz, orta təhsilli, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvahi küçəsi, dalan 13, ev 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bеyləqаn rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Bеyləqаn RİPŞ) daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Bеyləqаn Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən tərtib olunmuş 10 mart 2026-cı il tarixli, MN saylı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3921/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan 12600 manat aliment borcunu ödəməkdən boyun qaçırır və icra məmurunun qanuni çağırışlarına gəlmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu müdafiə edən Bеyləqаn rayon İcra və Probasiya şöbəsinin rəisi X4 protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3921/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi göstərilmişdir. İcra sənədi icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə borcunun bir qismini ödəsə də, faktiki olaraq 12600 manat aliment borcu yaranmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq, borcunu ödəməmişdir. Yaranmış aliment borcu ilə bağlı borclu icra şöbəsinə dəvət edilmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış qərarı qəbul edərək icrası üçün rayon Beyləqan rayon PŞ-yə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Şəxs borcu ilə bağlı icra şöbəsində izahatı alınmış, izahatında borcunu ödəyə bilməyəcəyini və aylıq aliment məbləğini anasının pensiyasından ödəyəcəyini bildirmişdir. Tələbkarla bu cür ödəniş ilə bağlı əlaqə saxlanmış, tələbkar isə borcunun tam olaraq ödənilməsini tələb etmişdir. Ona görə də borclu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. İcra sənədi üzrə aliment məbləğini 2023-cü ilə qədər Türkiyə Respublikasında qardaşının yanında işləyərkən mütəmadi olaraq tələbkarın kartına göndərmiş, lakin sonradan səhhəti ilə əlaqədar boyun hissəsindən əməliyyat olunmuş və həkim ona ağır yük qaldırmamağı bildirmişdir. Bu səbəbdən işləyə bilmədiyi üçün icra sənədi üzrə aliment borcunu ödəyə bilməmişdir. O, əlillik təyin olunması üçün həkim komissyasından keçmişdir. Ona əlillik təyin olunduqdan sonra veriləcək ödəniş kartını tələbkara verməyi düşünür. Həmçinin gələcəkdə aliment məbləğini anasının pensiyasından hər ay 200 manat olmaqla ödəyəcəkdir. Hazırda icra sənədi üzrə yaranmış aliment borcundan ödəniş etmək imkanı yoxdur. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Beyləqan rayon icra şöbəsinin icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3921/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X5 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X1 verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqi əsasında icraata başlanılmış və icra vərəqində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3921/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində axtarış elan edilmişdir. İcra işində olan 10 mart 2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, borcluya icra sənədinin icra edilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və Şəxs aliment borcunun ödənilməməsinin səbəbi kimi maddi vəziyyətinin aşağı olmasını və səhhəti ilə əlaqədar olaraq işləyə bilməməsini göstərməsi borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İşin hallarından da göründüyü kimi onun maddi imkanının olmaması və səhhəti ilə əlaqədar işləməməsi baxımından icra sənədini icra etməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədləri qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 10 mart 2026-cı il tarixdən, saat 17:40-dan hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 mart 2026-cı il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar