Məhkəmə qərarları › İş №3(5-113)-431/2026

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-431/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-431/2026 16.03.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan rayonunun Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrinə Beyləqan rayonu, Əhmədli kəndində ərazisində səs küy salaraq ünvansız söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Beyləqan rayon Polis Şöbəsinin polis sahə rəisi polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə NMQ-nin əməlyyat müvəkkili polis kapitanı X7 RPŞ-nin CAB-nn əməliyat müvəkkili polis kapitanı Cahid İsmayılzadə birlikdə borclu axtarışda olan Beyləqan rayonu, Əhmədli kənd sakini X3 yerini müəyyən edərək yaşadığı ünvana getmişlər. Həmin gün X3 yaşadığı evin həyətinə daxil olmuşlar və özlərini təqdim edərək polis əməkdaşları olduğunu, borclu axtarışda olduğu üçün onlarla birikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər.X1 polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq oradan qaçmaq istəmişdir. Bu zaman onu saxlamışlar və polis şöbəsinə gətirməyə çalışmışlar. Həmin vaxt Anar Əliyev və onun qardaşı Şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışlar, daha sonra Şəxs onlara müdaxilə edərək qardaşı Anar Əliyevi onların əlindən almağa çalışaraq işlərini icra etməyə imkan verməmişdirlər. Daha sonra Anar Əliyev və qardaşı Şəxs polis şöbəsinə gətirilmişdir. Şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Şəxs oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla qismən razıdır. Belə ki, xx.xx.2026-cı il tarixdə NMQ-nin əməlyyat müvəkkili polis kapitanı X7 RPŞ-nin CAB-nn əməliyat müvəkkili polis kapitanı Cahid İsmayılzadə birlikdə qardaşı Anarı axtarışda olduğu üçün aparmağa gəlmişdilər.O, həmin vaxt qardaşını polis əməkdaşları tərəfindən zor tətbiq edib aparmaqlarını gördükdə onlara müdaxilə etmişdir. Polis əməkdaşlarına nalayiq ifadələr işlətməmişdir. Hərəkətlərindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Himayəsində iki azyaşlı uşağının olması və xəstə anasının olmasını nəzərə alaraq, barəsində cərimə ilə bağlı olan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis Şöbəsinin NMQnun əməliyat müvəkkili, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 14:00 radələrində Beyləqan RPŞ-nin CAB- nn əməliyat müvəkkili polis kapitanı Cahid İsmayılzadə ilə birlikdə Beyləqan rayonu Əhmədli kəndinə mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə rəsmi axtarışda olan X3 yaşadığı ünvana getmişlər. Özlərini təqdim edərək ona axtarışda olduğunu və Beyləqan rayon İcra və Probasiya Şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman X8 ona bu barədə izah verməklərinə baxmayaraq uca səslə nalayiq ifadələrdən və təhqirlərdən istifadə etməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də, o, öz hüquqazidd hərəkətlərinə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmçinin, qardaşı Şəxs hadisə baş verən yerə gələrək qardaşını heç kimin aparmamasını tələbə edərək, uca saslə nalayiq ifadələrdən istifadə edərək təhqirlərdən istifadə etməyə başlamışdır. Dəfələrlə nizam-intizama dəvət olunsa da, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra X8 və Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Beyləqan rayon Polis Şöbəsinin CAB-nın əməliyat müvəkkili, polis kapitanı X6 şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış, inzibati xəta haqqında icraata xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirildiyindən və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir.Halbuki ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510.1-ci maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını və 15 mart 2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmasını nəzərə alaraq, barəsində İXM-in 31.4-1-ci maddəsinə əsasən İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar