Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(5-113)-85/2026 16.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Beyləqan rayon Polis şöbəsinin X2 polis sahə rəisi, polis kapitanı X7, zərər çəkmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Beyləqan rayonu, 1ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsindən (bundan sonra – Beyləqan RPŞ) daxil olmuş 16 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Beyləqan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 11 dekabr 2025-ci il tarixdə, saat 16:30 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən torpaq sahəsində X5 boğazından əli ilə sıxaraq fiziki ağrı yetirməklə döymüşdür. Qeyd olunan fakt üzrə Beyləqan rayon Polis şöbəsi tərəfindən 19 dekabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın icrası Beyləqan rayon Polis şöbəsinin X3 göndərilmişdir. Buna görə də Beyləqan rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 16 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Beyləqan rayon PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X7 izahat verərək bildirmişdir ki, X1 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 11 dekabr 2025-ci il tarixdə saat 16:30 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən torpaq sahəsində həmkəndlisi Şəxs onu təhqir etdiyini, sözlə hədələdiyini və onun boğaz nahiyəsindən tutub, boğmaq istədiyini bildirmiş və bununla bağlı aparılmış araşdırma nəticəsində sonuncunun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün bölmənin aidiyyatı əməkdaşı kimi ona göndərilmişdir. Bu səbəbdən, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, Şəxs onun qunşusudur və aralarında ədavət və düşmənçilik yoxdur. Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayış məntəqələrindən kənarda torpaq sahəsi vardır və həmin torpaq sahəsinə yonca əkmişdir. Şəxs evi onun torpaq sahəsinin kənarında yerləşir və bir neçə dəfə onun toyuqları torpaq sahəsinə daxil olduğundan o, Şəxs və arvadı Jalə Quliyevaya irad bildirmişdir. 11 dekabr 2025-ci il tarixdə, saat 16:30 radələrində o, yenidən sahəsinə baş çəkməyə gedən zaman Şəxs toyuqlarının onun sahəsinə daxil olmasını görüb, Jalə Quliyevaya toyuqalarının onun sahəsinə daxil olması ilə bağlı irad bildirərək, birdə toyuqlarını onun sahəsinə buraxmamasını demişdir. Həmin vaxt təxminən onlardan bir qədər aralıqda qoyun otaran Şəxs ona yaxınlaşaraq heç bir səbəb olmadan onu təhqir etmiş, sözlə hədələdikdən sonra isə boğazından tutaraq boğmuşdur. Bundan sonra o, həmin yeri tərk edərək evinə getmiş və Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edib hadisə barəsində məlumat vermişdir. Lakin, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və inzibati qaydada məsulıiyyətə cəlb olunması qərara alınmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Əfqan Məmmədov onun qunşusudur və aralarında ədavət və düşmənçilik yoxdur. 11 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən yaşadığı evdən təxminən 200-300 metr aralıda otlaq sahədə qoyun otardığı zaman həyətində onun həyat yoldaşı Jalə Quliyeva ilə Əfqan Məmmədovun mübahisə etdiyini görmüşdür. Onlara yaxınlaşan zaman Əfqan Məmmədovun həyat yoldaşını nalayiq ifadlərlə təhqir etdiyini eşidib əsəbləşmiş və ona dediyi sözləri geri qaytarmışdır. Aralarında baş vermiş mübahisənin səbəbi isə onlara məxsus toyuq-cücənin Əfqan Məmmədova aid torpaq sahəsinə daxil olması olmuşdur. Lakin, baş vermiş 3-4 dəqiqəlik mübahisə zamanı o, Əfqan Məmmədovu heç bir formada hədələməmiş və onun boğazından tutub dartışdırmamışdır. Göstərilənlərin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Şəxs həyat yoldaşıdır, eyni zamanda Əfqan Məmmədovu da uzun müddətdir ki, həmkəndlisi kimi tanıyır. 11 dekabr 2025-ci il tarixdə, saat 16:30 radələrində yaşadıqları Beyləqan rayonunun, 1-ci Şahsevən kəndində yerləşən evlərinin həyətində olduğu zaman Əfqan Məmmədov ona səslənərək torpaq sahəsinə toyuq-cücələrinin keçdiyini deyib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Toyuq-cücə isə uşaq həyət qapısını aralı qoyduğuna görə həyətdən çıxıb getmişdir. Yəni, bunu qəsdən etməmişlər. O, belə bir halın bir daha baş verməyəcəyini desə də, Əfqan Məmmədov buna əhəmiyyət verməyib, onun və atasının ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin vaxt həyat yoldaşı Şəxs isə nisbətən aralıda qoyun otarırdı. O, kənardan bu hadisəni görüb, gəlmiş və Əfqan Məmmədovun dediklərini eşidib əsəbləşərək, söylədiyi sözləri özünə demişdir. Lakin, orada Şəxs Əfqan Məmmədovu hədələməmiş və onun bağozından tutmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: İş materiallarına əlavə edilmiş 16 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Beyləqan rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10 rayon Polis şöbəsinin rəisinə müraciət edərək, Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanılması məqsədilə qərarın surətinin aidiyyəti bölməyə həvalə edilməsi qeyd edilmişdir. 19 dekabr 2025-ci il tarixli, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublkası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və həmin hərəkətlərdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin əlamətləri olduğundan barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın sürəti Beyləqan rayon Polis şöbəsinin X3 göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Beyləqan rayonlararası zona mərkəzi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli, 702/25 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı 1976-cı il təvəllüdlü X4 boyun nahiyəsində dəriiçi qansızmalar olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, eyni zamanda onunla zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №3(5-113)-85/2026
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(5-113)-85/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver