Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(5-114)-322/2026 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin (Bundan sonra - İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 yanvar 2026-cı il tarixdə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İstinad olunan hallar Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 10000.00 Avro məbləğində vəsait bank vasitəsilə 20 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutalarda əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində 10000.00 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd edilən ünvanı üzrə törədilmişdir. Tərəflərin mövqeyi Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı və iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və ya işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Мəhkəmə inzibati materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İnzibati materiala əlavə olunmuş Yelo bank ASC-nin xx.xx.2025-ci il tarixli 529/7025- 25 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respubliasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən sənədləri təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Mərkəzi banka göndərmişdir. İş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından xaricə 10000.00 Avro köçürmüşdür. İş materiallarına əlavə olunmuş köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC, Yelo bank vasitəsilə 10.000 avro pul “VEMED GMBH DE******************** LEİCHTMETALLSTR.24A 42781 HAAN GERMANY” köçürmüşdür. xx.xx.2022-ci il tarixli 140622 saylı müqavilədən görünür ki, müqavilədə göstərilən cəmi məbləğ 55.000 avrodur. İnzibati materiala əlavə olunmuş məlumatdan görünür ki, Şəxs MMC-nin VÖEN-i ********** saylıdır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi 430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs MMC-yə hansı həddə tənbeh tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-yə təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi, yəni inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə tətbiq edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati işin materiallarından Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-in 430.4cü maddəsi ilə təqsirli bilinib, 2000 Avro məbləğində cərimə tənbehi tətbiq edilməsi həmin hüquqi şəxsin qanunlara əməl edilməsi, habelə həm inzibati xəta törətmiş, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, bаrəsində 2000 (iki min) avro məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti tərəflərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(5-114)-322/2026
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(5-114)-322/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver