Məhkəmə qərarları › İş №3(5-115)-11/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(5-115)-11/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(5-115)-11/2026 07.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə hüquqi şəxs olan Cəbrayıl Peşə Məktəbi (VÖEN: **********) barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə hüquqi şəxs olan Cəbrayıl Peşə Məktəbi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 15 dekabr 2025-ci il tarixdə tərtib edilən MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəssisəyə 12 sentyabr 2025-ci il tarixli, 3-17-5/2-8183/2025 nömrəli məktub göndərərək, sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsini tələb etsə də son haqq hesabın ödənilməsi, işçinin məzuniyyət əmrləri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq sənədləri təqdim edilməmişdir Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: Ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik məhkəmə tərəfindən inzibati tənbehin verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsinə səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə hüquqi şəxs olan Cəbrayıl Peşə Məktəbi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 15 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında müvafiq dövlət orqanı tərəfindən müəssisəyə 12 sentyabr 2025-ci il tarixli, 3-17-5/2- 8183/2025 nömrəli məktubla sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim edilməsi tələb edilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, işçiyə son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər, məzuniyyət əmrləri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq sənədləri təqdim edilməmiş, bununla da hüquqi şəxs üzərinə düşən öhdəliyin icra edilməməsi formasında hərəkətsizliyə yol verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hüquqi şəxs Cəbrayıl Peşə Məktəbinin hüquqi ünvanı ünvan 2zi bölgüsünə əsasən Biləsuvar Rayon Məhkəməsinin deyil, Cəbrayıl Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə onu da nəzərə alır ki, inzibati xəta hüquqi şəxsin üzərinə düşən vəzifəni yerinə yetirməməsi, yəni hərəkətsizlik yolu ilə törədilmişdir. Belə olan halda, inzibati xətanın törədildiyi yer hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi ərazi hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola Biləsuvar Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,109,110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Cəbrayıl Peşə Məktəbi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərəfindən tərtib edilmiş 15 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar