Məhkəmə qərarları › İş №3(5-115)-156/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-156/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-156/2026 30.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 26 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, əvvəllər barəsində 26 avqust 2025-ci il tarixli, EQ seriyalı 30212518 saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi üzrə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmiş, lakin həmin cərimə qərarını qanuni qüvvəyə mindiyi gündən etibarən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, həmçinin İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. 529.3-cü maddəsinə əsasən, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Belə ki, məhkəməyə daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokolun tərtib edilməsinə əsas olmuş və 3 ay müddətində icra edilməmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən çıxarılmışdır. Yəni, hazırkı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola əsasən, şəxs onun barəsində 3 ay əvvəl İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş qərarın icra edilməməsində təqsirləndirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aid edilmir. Həmin maddə inzibati hüquq pozuntularının sığorta münasibətləri sahəsinə aid olan xüsusi tərkibini müəyyən edir və 529.3-cü maddənin dispozisiyasında birbaşa göstərilən inzibati xətalar siyahısına daxil deyil. Bu baxımdan, barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən çıxarılmış inzibati cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən etibarən 3 ay müddətində icra edilməməsi, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Beləliklə, hazırkı iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol əsasında şəxsin əməlində inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri mövcud olmadığından, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar yoxdur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 126-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar