Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-176/2026 29.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olan, Bakı şəhərində müvəqqəti yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1089/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən MN seriyalı ******* nömrəli , 29 yanvar 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1089/2022 saylı, 21 dekabr 2022ci il tarixli icra sənədinə əsasən Şəxs 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 21 fevral 2023-cü il tarixdə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, 21 fevral 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu Şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Bu günədək borclu Şəxs tələbkara 3455 (üç min dörd yüz əlli beş) manat borcu vardır. Tələbkar isə borclunun borcunu tam ödəməsini tələb edir. Şəxs ilə dəfələrlə ödəniş etməsi, eləcə də məhkəmə qətnaməsinin icra edilməməsi və nəticələri barədə söhbət aparmış, dəfərlərlə şöbəyə dəvət etmişdir. Borclu hər dəfəsində eyni vədlər verərək, ödənişdən yayınır. Sonda, D.M.Mütəllimli Şəxs barəsində tərtib olunmuş protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, fərdi əməklə məşğuldur, uzun müddətdir ki, işsiz idi. Hazırda iş tapsa da əmək müqaviləsi bağlaması üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir, vəsiqənin isə müddəti bitdiyindən etibarsızdır. Hazırkı icra sənədi ilə əlaqədar barəsində axtarış verildiyi üçün şıxsiyyət vəsiqəsini dəyişə bilmir. Məhkəmə tərəfindən ona şərait yaradılarsa, şəxsiyyət vəsiqəsini yeniliyərək işə düzələcəyini və hər ay ən azı 100 (yüz) manat məbləğində ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Sonda məhkəmədən ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1089/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1089/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. “Tələbin könüllü icrası haqqında” 21 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, tələbin könüllü icrası barədə borclu Şəxs 10 günlük müddət verilmiş, bu barədə borcluya tələbin 10 gün müddətinə icra olunması xahiş edilmişdir. “İnzibati xəta haqqında” 29 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, İmanzadə X2 Rayon Məhkəməsinin 2(022)-1089/2022 saylı, 21 dekabr 2022-ci il tarixli icra sənədini icra etmədiyi üçün hazırda 3455 (üç min dörd yüz əlli beş) manat məbləğində borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarı: Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs icra məmurunun tələblərinə əməl etməyərək məhkəmə qərarının lazımi qaydada icra etməməsi onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından və icra sənədindən xəbərdar olmuş, bu müddət ərzində icra sənədi üzrə nəzərdə tutulmuş məbləği tam ödəməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini eləcə də borcunu bu gündən etibarən mütəmadi ödəməyə dair öhdəlik götürməsini, qeyd edilənlərin isə icra sənədinin tam və vaxtında icrasına şərait yaradacağına inam yaratmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə əlavə olaraq nəzərə alır ki, baxılan iş üzrə icra sənədinin predmeti maddi xarakterli pul öhdəliyidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyəti həmin maddi öhdəliyin icra edilməməsi ilə əlaqədardır. Bu baxımdan, inzibati tənbeh növü seçilərkən inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi xüsusi ehtiyatla və istisna hal kimi qiymətləndirilməlidir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 8 iyun 1995-ci il tarixli, 15917/89 nömrəli “Jamil Fransaya qarşı” qərarında göstərilmişdir ki, maliyyə (pul) xarakterli öhdəliyin icra edilməməsinə görə şəxsin azadlıqdan məhrum edilməsi, əgər bu tədbir borcun ödənilməsinə məcburetmə və ya təzyiq vasitəsi kimi çıxış edirsə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi ilə qorunan azadlıq hüququna ziddir. Həmin qərarda Məhkəmə vurğulamışdır ki, azadlıqdan məhrumetmə tədbiri mahiyyət etibarilə cəzalandırma məqsədi daşımayıb, faktiki olaraq borcun icrasına yönəlmiş vasitəyə çevrildiyi halda yolverilməz hesab olunur. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin 25 sentyabr 2003-cü il tarixli, 52792/99 nömrəli “Vasileva Danimarkaya qarşı” işi üzrə hüquqi mövqeyinə əsasən, maliyyə xarakterli öhdəliklə bağlı azadlıqdan məhrumetmə yalnız müstəsna hallarda, proporsional və son çarə (ultima ratio) kimi tətbiq oluna bilər və avtomatik xarakter daşımamalıdır. Məhkəmə hesab edir ki, baxılan iş üzrə hüquqpozmanın zorakı xarakter daşımaması, ictimai təhlükəlilik dərəcəsinin nisbətən aşağı olması, borclunun borcu mərhələli şəkildə ödəməyə dair öhdəlik götürməsi, habelə azadlıqdan məhrumetmənin icra sənədinin faktiki icrasına müsbət təsir göstərməyəcəyi nəzərə alınaraq, inzibati həbsi bu iş üzrə məqsədəuyğun və zəruri olmayan tədbir kimi qiymətləndirmək üçün kifayət qədər əsaslar mövcuddur. Məhkəmə həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(5-115)-176/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-176/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver