Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-204/2026 02.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X2 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1250/2023 saylı, 14 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs borc kimi alınmış vəsaitin əvəzi qismində 4292.3 (dörd min iki yüz doxsan iki manat otuz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 02 fevral 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 öz izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1250/2023 saylı, 14 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4292.30 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi üzrə 01 mart 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs həmin icra sənədinin icrasına dair rəsmi bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı borclu Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Bununla belə, borclu Şəxs tərəfindən bu günədək cəmi 100 manat məbləğində ödəniş edilmişdir. Hazırda borclunun tələbkara 4192.3 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Şəxs ilə dəfələrlə ödəniş etməsi, eləcə də məhkəmə qətnaməsinin icra edilməməsinin nəticələri barədə söhbət aparılsa da, borclu bu istiqamətdə heç bir addım atmamışdır. Sonda, icra məmuru X4 borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, atası vəfat etdiyindən və anasının xəstə olması səbəbindən maddi durumu borcunu ödəməyə imkan vermir. Hal-hazırda heç bir yerdə işləmir. Tezliklə işə düzələcəyini və borcunu ödəyəcəyini bildirdi. Sonda məhkəmədən borcunun 500 manat hissəsinin ödənilməsi məqsədilə 10 gün möhlət verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İcraata başlamaq haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1250/2023 saylı, 14 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, 01 mart 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla icraata başlanılan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1250/2023 saylı, 14 dekabr 2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi Şəxs xahiş olunmuşdur. “İnzibati xəta haqqında” 02 fevral 2026-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Rəhimli X3 Rayon Məhkəməsinin 2(022)-1250/2023 saylı, 14 dekabr 2023-cü il tarixli icra sənədini icra etmədiyi üçün hazırda 4192.30 manat məbləğində borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən xüsusilə nəzərə alınır ki, borclu bu günədək borcun yalnız cüzi bir hissəsini ödəmiş, sonrakı dövrlərdə isə əlavə ödənişlər etməmiş, bu isə onun borcun könüllü şəkildə icrasına yönəlmiş davranış nümayiş etdirmədiyini açıq şəkildə göstərir. Borclunun bu davranışı icra sənədinin icrasının qəsdən ləngidilməsi və icradan yayınması kimi qiymətləndirilir. Hazırki iş üzrə borclunun maddi imkanlarının olmaması ilə bağlı iddiaları onun davranışı və uzun müddət ərzində borcun ödənilməsi istiqamətində hər hansı davamlı tədbir görməməsi fonunda inandırıcı hesab edilmir. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmiş və borcun mərhələli şəkildə ödənilməsi üçün təşəbbüs göstərməmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-204/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-204/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver