Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-277/2026 02.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızı, X1 oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 10 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli, ******* nömrəli və ******* nömrəli hazırkı protokollar tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 22 avqust 2025-ci il tarixli, EQ seriyalı 30119017 nömrəli, 26 avqust 2025-ci il tarixli, EQ seriyalı 30216267 nömrəli və 27 avqust 2025-ci il tarixli, EQ seriyalı 30226428 nömrəli inzibati tənbeh vermə haqqında qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iş materiallarında göstərilən protokollar və inzibati tənbeh vermə haqqında qərarlar ona qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada təqdim edilməmişdir. O, qeyd etmişdir ki, həmin qərarların qəbul olunmasından və cərimələrin mövcudluğundan xəbərsiz olmuşdur. O, əlavə olaraq vurğulamışdır ki, əgər qərarlar ona vaxtında və rəsmi qaydada təqdim edilmiş olsaydı, həmin qərarlardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək və ya onları icra etmək imkanına malik olardı. Lakin məlumatlandırılmadığı üçün öz hüquqlarından istifadə etmək imkanından məhrum olmuşdur. Protokol tərtib edən səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXMin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, inzibati cərimə qərarının qanuni qüvvəyə mindiyi tarixdən əvvəl həmin qərarın barəsində protokol tərtib edilmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə çatdırılmasına dair iş materiallarında hər hansı mötəbər sübut mövcud deyildir. Qərarın poçt rabitəsi vasitəsilə təqdim edilməsi, elektron kabinetə yerləşdirilməsi, SMS bildirişi göndərilməsi və ya digər rəsmi üsulla şəxsə çatdırılması faktını təsdiq edən sənədlər təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsasən, inzibati məsuliyyətə cəlb etmə yalnız qanunla müəyyən edilmiş prosedur qaydalarına ciddi riayət olunmaqla mümkündür. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün ilk növbədə onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar barədə vaxtında və rəsmi qaydada məlumatlandırılması təmin edilməlidir. Bu hal sübuta yetirilmədiyi təqdirdə, inzibati məsuliyyət tədbirinin tətbiqi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinə görə, inzibati xəta haqqında protokol tərtib edilən ana qədər inzibati xəta tərkibinin bütün elementləri, o cümlədən şəxsin təqsiri mövcud olmalıdır. Həmin maddənin tətbiqi üçün şəxsin inzibati qərar barədə əvvəlcədən məlumatlandırılması və qanunla müəyyən edilmiş müddətin keçməməsi vacib şərtdir. Lakin iş materiallarında şəxsin cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırıldığını təsdiq edən sübut olmadığından, həmin müddətin keçməsi şəxsin inzibati məsuliyyətə cəlb olunmasına hüquqi əsas yarada bilməz. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu səbəbdən, inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış 10 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli, 10 fevral 2026ci il tarixli İXP seriyalı ******* nömrəli və 10 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında işlər üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-277/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-277/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver