Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-303/2026 03.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızı, X1 oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 14 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 26 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31570359 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -14 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə tərtib edilmiş 26 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31570359 elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. - İnzibati xəta haqqında 26 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 31570359 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən, 26 oktyabr 2025-ci il tarixdə, saat 14:50 radələrində “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Nəqliyyat vasitəsinin saxlanılması barədə 14 fevral 2026-cı il tarixli qərardan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXMin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın sonrakı günü şəxsin əməlində İXMnin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə cərimə qərarı 26 oktyabr 2025-ci il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayət vermə müddətinin bitdiyi günün səhəri günü, yəni 16 noyabr 2025-ci il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni, 17 fevral 2026-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixdən sonrakı gündən, yəni 18 fevral 2026-cı il tarixdə şəxsin əməlində AR İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Hazırki halda isə inzibati xəta haqqında protokol 14 fevral 2026-cı il tarixdə tərtib olunmuşdur ki, bu da hələ inzibati xəta hadisəsi baş vermədən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəlalət edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu səbəbdən, inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış 14 fevral 2026-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №3(5-115)-303/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-303/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver