Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-318/2026 02.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1973-cü il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Vətən Müharibəsi iştirakçısı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı qətnaməsinə əsasən Şəxs Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə 19 sentyabr 2023-cü il tarixli, 099-EMB-0881-23 saylı kredit müqaviləsi üzrə 22 avqust 2024-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 2.088 manat, cərimə qismində 100 manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 41 manat 41 qəpik, cəmi 2.229 manat 41 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzrsüz səbəbdən icra etmədiyini hesab edərək, Şəxs barəsində 02 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədinə əsasən Şəxs Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə cəmi 2.229 manat 41 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və sabiq icra məmuru X1 icraatında olmuş, sonradan isə onun icraatına daxil olmuşdur. Həmin icra sənədinin icrası ilə bağlı o, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş vermiş və qanunun tələbləri həmin şəxsə izah edilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Həmin şəxs dəfələrlə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə çağırılsa da, icra məmurunun çağırışlarına gəlməkdən qəsdən boyun qaçırmışdır. Buna görə də borclu icra orqanının çağırışlarına könüllü gəlmədiyinə görə Şəxs barədə məcburi gətirmə qərarı çıxarılmış və borclu məcburi qaydada polis əməkdaşları tərəfindən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin nümayndəsi isə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlayaraq, borclunun icra sənədi icraatda olduğu müddət ərzində tələbkara olan borcundan heç bir ödəniş etmədiyini bildirmiş və həmin şəxsin barəsində müvafiq tədbirlərin görülməsini tələb etmişdir. Həmin şəxs izahatında rəsmi olaraq heç bir yerdə işləmədiyini, borcunu tam şəkildə ödəməyə imkanı olmadığını, bu gün borcundan cəmi 200 manat ödəyə biləcəyini, qalan borcunu isə hər ay 200manat ödəniş etməklə bağlayacağını bildirmişdir. Şəxs əvvəlki vədlərinə əməl etməyərək, hər dəfə ödəniş edəcəyini bildirdiyi halda heç bir ödəniş etməməsi həmin şəxsin bu dəfə də icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırcağını göstərir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, D.M.Mütəllimli Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, onun iki qızı və 4 nəvəsi vardır. 2023-cü ildə o, qızına cehiz almaq üçün «Embafinans» qapalı səhmdar cəmiyyətindən 19 ay müddətinə 2.088 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt o, «X10» məhdud məsuliyyətli cəmiyyətində mühafizəçi kimi işlədiyinə görə həmin borcunu ödəyə biləcəyini güman etsə də, sonradan işdən çıxarılmışdır. O, iş axtardığı dövrdə maddi vəziyyəti çox aşağı olduğuna görə «Embafinans» qapalı səhmdar cəmiyyətinə olan borcundan heç bir ödəniş edə bilməmişdir. Buna görə də həmin müəssisə ona qarşı pul tələbi barədə məhkəmə iddia qaldırmış və Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı qətnaməsi ilə ondan ümumilikdə 2.229 manat 41 qəpik məbləğində pul vəsaiti tutularaq, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə dair icra sənədi Biləsuvar rayon icra və probasiya şöbəsinin icraatında olduğu zaman o, Bakı şəhərində daş karxanasında iş tapmış və orada işləməyə başlamışdır. Buna görə də o, hər ay 500 manat ödəniş edəcəyi barədə yazılı iltizam vermişdir. Lakin bundan qısa müddət sonra, 2025-ci ilin iyul ayında bədbəxt hadisə nəticəsində iş vaxtı, karxanada daş yükləyərkən, onun qolu dörd yerdən sınmış və buna görə də uzun müddət işləyə bilməmişdir. Diabet xəstəliyindən əziyyət çəkdiyi üçün onun qolunun sağalması uzun müddət çəkmişdir. Habelə o, işsiz olduğu müddətdə diabet və ürək xəstəliyindən də müxtəlif müalicələr almışdır. O, bir həftə əvvəl daş karxanasında fəhlə kimi iş tapa bilmişdir. O, ailəsinin yeganə gəlir mənbəyidir və hazırda maddi vəziyyəti aşağıdır. O, tələbkara olan borcundan hal-hazıradək heç bir ödəniş etməsə də, bu gün ərzində borcundan 200 manat ödəniş etmişdir. Həmçinin sabah, saat 11:00-a kimi onun əmək haqqı onun istifadəsində olan bank kartı hesabına yükləndikdən sonra da o, tələbkara daha 100 manat ödəniş edəcəkdir. O, icra sənədi üzrə qalan borcunu isə hər ay 200 manat ödəniş etməklə bağlayacaqdır. Həmçinin o, bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, işini itirəcək və tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, 19 sentyabr 2023-cü il tarixdə tələbkar Şəxs 19 ay müddətinə qaytarmaq şərtilə 2.088 manat məbləğində istehlak krediti verilmişdir. Borclu həmin borcunu qaytarmadığına və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığına görə Embafinans» qapalı səhmdar cəmiyyəti həmin şəxsi məhkəməyə vermiş və Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı qətnaməsi ilə cəmi 2.229 manat 41 qəpik məbləğində pul vəsaitinin Şəxs tələbkarın xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi 22 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin icra sənədinin icraatda olduğu 1 il 3 ay ərzində borclu tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Hazırda borclu hər ay 200 manat ödəniş etməklə tələbkara olan borcunu bir il ərzində ödəyəcəyini vəd etsə də, həmin şəxslərin vədləri tələbkarda hər hansı inam yaratmır. Buna görə də o hesab edir ki, borclu qəsdən Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qətnaməsini icra etmir. Sonda, T.Y.Heybətov borclu barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarın nümayəndəsini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədinə əsasən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 17 dekabr 2024-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədini üzrlü səbəblərdən icra etməmiş və həmin şəxsin hərəkətləri qəsdlə əhatə olunmamışdır. İşə məhkəmədə baxıldığı müddətdə borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədi üzrə borcundan tələbkara 200 manat məbləğində ödəniş etmiş, qalan borcundan hissə-hissə ödənişlər edəcəyini vəd etmişdir. Bununla belə Biləsuvar rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(022)-1250/2024 saylı icra sənədinin icrasının təmin məqsədi ilə Şəxs şərait yaradılmamış, bütün imkanlar tükənmədən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Halbuki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetiribyetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» 04 sentyabr 2018-ci il tarixli qərarında və Avropa İnsan Hüquqları Məhkəməsinin “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdikləri hüquqi mövqeyi, habelə İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinin və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiyasının və inzibati xətalar qanunvericiliyinin təqsirsizlik prezumpsiyası barədə müddəalarını əsas tutataq hesab edirəm ki, dövlət mülki dövriyyə iştirakçılarının öz aralarında bağladıqları və şərtlərini sərbəst şəkildə müəyyənləşdirdikləri müqavilələrdən irəli gələn münasibətlərə, yalnız tərəflər arasında mübahisə yarandıqda və ya tərəflərdən biri müqavilə öhdəliklərinin icrasından vicdansızcasına boyun qaçırdıqda, ədalət mühakiməsini həyata keçirməklə, həqiqəti müəyyən etmək və pozulmuş hüquqları müdafiə və ya bərpa etmək məqsədilə müdaxilə etsə də, tərəflərin müqavilə öhdəliklərinin icrasına görə məsuliyyət daşımır və həbs təhdidi altında müqavilə öhdəliklərini icra etdirməyə borclu deyildir. Müqavilə münasibətlərindən irəli gələn mübahisə üzrə çıxarılmış məhkəmə aktını icra etməyən tərəf, həmin icra sənədini özünün çətin maliyyə vəziyyətinə görə icra edə bilmədiyini sübut etməyə borclu deyildir. Əksinə, dövlətin adından hərəkət edən icra məmuru, borclunun maliyyə vəziyyətinin icra sənədini icra etməyə imkan verdiyini, lakin borclunun icra məmurunun qanuni tələblərini icrasından boyun qaçırmaqla, habelə gəlirlərini və sair əmlakını gizlətməklə məhkəmə qərarının icrasına vicdansızcasına maneçilik törətdiyini, icra məmurunun qanuni tələblərini icra etməyən borclunun hərəkətlərində qəsdin məhkəmə aktının icrasından boyun qaçırmağa yönəldiyini sübut etməyə borcludur. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(5-115)-318/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-318/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver