Məhkəmə qərarları › İş №3(5-115)-326/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-326/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-326/2026 05.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 23 fevral 2026-cı il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 03 sentyabr 2025-ci il tarixli, EQ 30405220 nömrəli protokol üzrə cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir; 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir; 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 57.5-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Lakin hazırkı iş üzrə cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125-ci və 57-ci maddəsində göstərilmiş qaydalara əməl edilməmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan sonra X1 elektron kabinetinə yerləşdirməsi ilə bağlı sənəd əlavə olunsa da, şəxsin mobil telefon nömrəsinə SMS göndərmə vasitəsilə və ya kağız daşıyıcıda çap olunaraq çatdırılması, eləcə də şəxsin inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olması (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) sübut edilmir, bu barədə sübutlar mövcud deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, materiallara əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, cərimə qərarının çatdırılmasını təsdiq edən heç bir qeyd (soyad, imza, tarix) əks olunmamışdır. Cərimə qərarı barədə 3 ay əvvəl məlumatlandırma Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilən ana qədər mövcud olmalıdır. Çünki protokol tərtib edilənə qədər şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmalıdır. Protokol tərtib edilən anda məlumatlandırmadan 3 aylıq müddətin keçməməsi, lakin həmin protokola məhkəmədə baxılarkən, artıq cərimə qərarı barədə məlumatlandırmadan 3 ay vaxtın keçməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. İnzibati xəta tərkibinini bütün əlamətləri protokol tərtiib edilən anda mövcud olmalıdır. Ona görə də 3 aylıq məlumatlandırmanın əhəmiyyəti protokol tərtib edilən ana qədərdir, bundan sonra əhəmiyyətə malik deyil. Protokol tərtib edildikdən sonra məlumatlandırmaya dair 3 aylıq müddətin tamam olması şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Beləliklə, hazırkı protokolda və əlavə edilmiş materiallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan 3 ay əvvəl xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Çünki qərar icra edilməsi üçün qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125 və 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57, 125, 130, 138ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Hazırkı protokola nəinki belə bir sübut, ümumiyyətlə cərimə qərarının 3 ay əvvəl göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Beləliklə də inzibati cərimə növündə inzibati tənbeh edilmiş şəxs həmin qərar barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57, 125-ci maddəsinin tələblərinə əməl edilməklə məlumatlandırılmadan, belə məlumatlandırılma həyata keçirildikdə isə 3 aylıq müddət gözlənilmədən İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilir, bununla da İXM-in tələbləri pozulur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsindəki inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi sübutlarla şəxsin təqsiri sübuta yetirilmir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin İXM-in 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar