Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-334/2026 05.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 24 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı hazırkı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı 31775592 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın növbəti günü şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə cərimə qərarı 04 noyabr 2025-ci İ tarixində qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayət vermə müddətinin bitdiyi günün növbəti günü müvafiq qərar qanuni qüvvəyə minir. Həmin günün növbəti günündən hesablanmaqla, 3 ay ərzində cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, hesablanmaqla şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 04 noyabr 2025-ci il tarixli, İXP seriyalı 31775592 saylı cərimə qərarının Şəxs çatdırılmasını təsdiq edən “poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, həmin qərar ona 15 noyabr 2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Buna görə də 15 noyabr 2025-ci il tarixdən hesablanmaqla şikayət vermə müddəti 05 dekabr 2025-ci il tarixdə başa çatmış və qərar 06 dekabr 2025-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Qərarın qanuni qüvvəyə mindiyi 06 dekabr 2025-ci il tarixdən hesablanmaqla üç aylıq icra müddəti 06 mart 2026-cı il tarixdə başa çatır. Bu müddət ərzində qərar icra edilmədikdə isə 07 mart 2026-cı il tarixdən şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yarana bilər. Lakin hazırkı iş üzrə inzibati xəta haqqında protokol 24 fevral 2026-cı il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, həmin tarixdə üç aylıq müddət hələ başa çatmamışdır və buna görə də şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, qanunla müəyyən edilmiş üç aylıq müddətin başa çatması gözlənilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki səlahiyyətli orqan qanunvericilikdə nəzərdə tutulmuş müddətin başa çatmasını gözləməli və yalnız həmin müddət bitdikdən sonra şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranıb-yaranmadığını müəyyən etməli idi. Müddət bitmədən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunun mahiyyətinə və inzibati icraatın məqsədlərinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, qanunla müəyyən edilmiş müddət ərzində şəxsin inzibati cəriməni könüllü qaydada ödəmək imkanının mövcudluğu istisna edilmir. Bu baxımdan səlahiyyətli orqanın müddəti gözləmədən protokol tərtib etməsi şəxsin qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə etmək imkanını faktiki olaraq məhdudlaşdırmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati məsuliyyət yalnız qanunla müəyyən edilmiş hallarda və həmin halların baş verdiyi andan yarana bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin məzmunundan aydın görünür ki, həmin maddə üzrə məsuliyyət yalnız inzibati cərimə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində icra edilməməsi halında yarana bilər. Bu müddət başa çatmadan şəxsin əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu hüquqi baxımdan mümkün deyildir. Belə olan halda qanunla müəyyən edilmiş müddət tamamlanmamış şəxsin inzibati məsuliyyətə cəlb edilməsi inzibati məsuliyyətin əsaslarının geniş şərh edilərək tətbiq edilməsi kimi qiymətləndirilməlidir ki, bu da qanunçuluq prinsipinə zidd olmaqla yanaşı şəxsin hüquqi vəziyyətini ağırlaşdıran tətbiq hesab olunur. Göstərilən halları, iş üzrə toplanmış sübutları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla, yəni qanunla müəyyən edilmiş müddət başa çatmadan tərtib edilmişdir. Bu səbəbdən həmin vaxt şəxsin əməlində göstərilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(5-115)-334/2026
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-334/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver