Məhkəmə qərarları › İş №3(5-115)-357/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-357/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-357/2026 11.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 28 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ondan ötrü ki, o, barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 09 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30551133 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İnzibati xəta haqqında 28 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş, 09 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30551133 nömrəli elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -09 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30551133 nömrəli elektron qərardan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə saat 21:25 radələrində “Opel Astra” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddəyə əsasən onun barəsində 10 (on) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. -“AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, hazırda Şəxs tərəfindən inzibati xəta haqqında qərar üzrə müəyyən edilmiş məbləğ dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs inzibati tənbeh qismində ona təyin edilmiş məbləği tam ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,53,106,109,124 və 115-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar