Məhkəmə qərarları › İş №3(5-115)-82/2026

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(5-115)-82/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(5-115)-82/2026 13.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar rayon Məhkəməsinin hakimi Əliyeva Aytəkin Güləli qızının sədrliyi, X5 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbirləri tətbiq olunmamış, Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı protokola əsasən məlum olur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2020 saylı, 13 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının, olmadıqda isə onların dəyəri olan 6400 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, lakin borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2020 saylı, 13 avqust 2020-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 10 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş və bu barədə borclu Şəxs həmin icra sənədinin icrasına dair bildiriş göndərilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubları göndərilərək, borcunun ödənilməsi tələb edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 3(022)-653/2024 saylı qərarı ilə borclu barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilmiş, lakin borclu həmin cəriməni də tam ödəməmişdir. Hal-hazırda borclu Şəxs tələbkara 1900 manat ödənilməmiş borcu qalmışdır. Sonda, X1 Bəxtiyar Eldəniz oğlu barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, əvvəlki dövrlərdə işlədiyi müddət ərzində borcunu imkanları daxilində vaxtaşırı ödəmişdir. Lakin, hazırda daimi iş yeri olmadığı üçün borcunu ödəyə bilmir. Şəxs hazırda tələbkara olan borcundan hər ay yalnız 100 manat məbləğində ödəniş etməyə maddi imkanının çatdığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, borclu uzun müddətdir ki, borcunu ödəməkdən qəsdən yayınır. Onun daimi iş yerinin olmasına baxmayaraq, borcun məcburi qaydada tutulmasının qarşısını almaq məqsədilə iş yerini gizlətdiyini və icra prosesindən boyun qaçırdığını qeyd edir. Tələbkarın nümayəndəsi Nümayəndə borcun ödənilməsinin təmin edilməsi məqsədilə borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-510/2020 saylı, 13 avqust 2020-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən 10 may 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. “İnzibati xəta haqqında” 13 yanvar 2026-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Sadıqov X3 Rayon Məhkəməsinin 2(022)-510/2020 saylı, 13 avqust 2020-ci il tarixli icra sənədini icra etmədiyi üçün hazırda 1900 manat məbləğində borcu yaranmış və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 3(022)-6532024-cü il saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Qərarları: “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir və onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə müəyyən edir ki, borclu Şəxs məhkəmə qətnaməsinin və icra sənədinin mövcudluğu barədə məlumatlı olmuş, icraata başlanılması, könüllü icra üçün verilmiş müddət, habelə icra məmurunun qanuni tələbləri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə qərarının icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə onu da nəzərə alır ki, Şəxs barəsində əvvəllər də inzibati təsir tədbiri tətbiq edilmişdir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 3(022)- 6532024-cü il saylı qərarı ilə onun barəsində eyni xarakterli hüquqpozmaya görə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Lakin həmin inzibati tənbeh tədbiri öz tərbiyəvi və islahedici məqsədinə nail olmamış, şəxs əvvəlki davranışını dəyişməmiş və məhkəmə qərarının icrasından yenə də yayınmağa davam etmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilərkən yalnız törədilmiş xətanın xarakteri deyil, həmçinin inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun əvvəlki davranışı, inzibati məsuliyyətə münasibəti və tətbiq edilmiş tənbehlərin nəticələri də nəzərə alınmalıdır. Bu baxımdan, əvvəl tətbiq edilmiş inzibati cərimənin nəticə verməməsi, şəxsin islah olunmaması və məhkəmə qərarlarının icrasına qarşı etinasız münasibəti inzibati tənbeh tədbirinin sərtləşdirilməsini zəruri edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs münasibətdə yenidən inzibati cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə, yəni onun qanunlara əməl etməsi ruhunda tərbiyə olunmasına və yeni inzibati xətaların qarşısının alınmasına nail olunmasını təmin etməyəcəkdir. Əksinə, bu hal məhkəmə qərarlarının icrasının daha da çətinləşməsinə səbəb ola bilər. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32ci və 33-cü maddəsinə əsasən, Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək tam icra edilməməsi, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul tələbi ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114,115,117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 13 yanvar 2026-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar