Məhkəmə qərarları › İş №3(5-117)-2/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-117)-2/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(5-117)-2/2026 13.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Rüstəmli Ruslan Fərahim oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Cəlilabad Rayon Polis X3 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Polis X3 Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da Cəlilabad rayonu, Göytəpə şəhərinin mərkəzində yerləşən bazarın daxilində ətir mağazasında satışı qadağan olunan priotexniki tez alışan maddə satmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Belə ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi polis baş leytenantı X1 tərəfindən tərtib edilsə də, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həmin inzibati xəta haqqında protokolu tərtib etmək səlahiyyəti verilməmişdir. Bu səbəbdən, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətsiz orqan tərəfindən tərtib edildiyindən, işin mahiyyəti üzrə baxılması mümkün olmadığından, onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X3 Böləsinə geri qaytarılması zəruridir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli Fərmanının 45.2-ci bəndinə əsasən Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Siyahının 16.2-ci bəndində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından-Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına Daxili İşlər Nazirliyi daxil edilməmişdir. Beləliklə, qanunun tələbinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol qadağan edilmiş malların satılmasına münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilməli olduğu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi, polis baş leytenantı X1 tərtib etmişdir. Odur ki, inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilmədiyi üçün inzibati protokol və ona əlavə olunmuş sənədlər Cəlilabad Rayon Polis X3 Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Cəlilabad Rayon Polis X3 Bölməsinə geri qaytarılsın. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar