Məhkəmə qərarları › İş №3(5-117)-248/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-248/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-248/2026 13.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad şəhəri, X3 küçəsi, ev 109 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 13 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra sənədinə görə cavabdeh Şəxs 4230 manat pul tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, hazırki tarixədək borclu 1800 manat ödəniş etmişdir. Borclu Şəxs məhkəmə qətnaməsinin icrasını tam icra etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən, inzibati xəta haqqında protokolu tərtib etmiş Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu tərəfindən hazırkı vaxta qədər icra sənədi üzrə 1800 manat məbləğində ödəniş edilmişdir. Lakin məhkəmə qətnaməsi tam icra olunmamışdır. Tələbkar borcun ödənilməsini tələb etdiyi üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra vərəqəsi barədə məlumatı vardır. O, icra sənədi üzrə 1800 manat məbləğində ödəniş etdiyini, bu barədə qəbzləri məhkəməyə təqdim etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 2022–2023-cü illər ərzində həbsdə olduğu üçün icra sənədinin tələblərini vaxtında yerinə yetirə bilməmişdir. Hazırda 500 manat məbləğində ödəniş edir, qalan borc məbləğini isə 3 ay müddətində ödəməyi öhdəsinə götürür. O, tələbkarla bu barədə razılığa gəldiyini, buna dair ərizəni məhkəməyə təqdim etdiyini göstərmiş və qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs tərəfindən mövcud borcdan bu günədək 1800 manat məbləğində ödəniş edilmiş, bu gün isə əlavə olaraq 500 manat məbləğində ödəniş olunmuşdur. Hazırda borclu ilə aralarında razılıq əldə olunmuş, borclu Şəxs qalan borc məbləğini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək və məhkəməyə təqdim edilmiş ərizələrə baxaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra sənədinə görə cavabdeh Şəxs 4200 manat maddi ziyan, 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir; - “İcraata başlama haqqında” 12 iyun 2018-ci il il tarixli qərardan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şəxs ünvanına gönədrilmişdir; - Borclu Şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatından görünür ki, o, icra sənədi üzrə mövcud borcdan 1800 manat ödəniş etmiş, 2022-ci ildən 2023-cü ilədək həbsdə olduğu üçün ödəniş edə bilməmiş, hazırda qalan məbləği aylıq hisshissə ödəyə bilər. - İş materiallarından görünür ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə borcun bir hissəsi ayrı-ayrı vaxtlarda ödənilmiş, həmin ödənişləri təsdiq edən qəbzlər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Məhkəməyə verilən ərizələrdə tərəflərin barışıq əldə etdiyini görmək mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli, 2(073)-364/2018 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 13 mart 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar