Məhkəmə qərarları › İş №3(5-117)-49/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-49/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-49/2026 02.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 113805/2025 nömrəli göstərişinə (məcburi icrasına) əməl edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 06 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113805/2025 nömrəli məcburi göstərişi icra edilməmişdir; -Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış icrası məcburi göstərişdən görünür ki, 10 iş günü ərzində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsində 400 manatdan aşağı əmək haqqı daxil edilən işçilərin əmək haqqı məbləğlərinə düzəliş edilməsi, müvafiq dəyişikliklərin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi və görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur; - Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış bildirişdən görünür ki, X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113805/2025 nömrəli göstərişi icra edilmədiyi üçün barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2026-cı il tarixdə saat 11:00-da X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət olunmuşlar; - “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X2 aylıq əmək haqqının məbləği 180 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 16 yanvar 2026-cı il tarixli 3-17-5/2-7298/2026 nömrəli məktubdan görünür ki, xx.xx.2026-cı il tarixdə tərtib olunmuş MN ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərarla 1000 manat məbləğində şərti cərimə olunması, 10 gün müddətində İşçilərin əmək müqavilələrinin “Əmək və Məşğulluq” altsisteminə elektron sənəd formasına keçirilməsinin təmin edib, nəticəsi barədə X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi tələb olunmuş, əks təqdirdə inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında Qərarda nəzərdə tutulan cərimənin ödənilməsi barədə xəbərdar edilmişdir; - Şəxs MMC-nin rəhbəri X4 tərəfindən X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə elektron poçt vasitəsi ilə ünvanlanmış məktubdan görünür ki, onun xx.xx.2025-ci il tarixli 3-17-5/2-113805/2025 nömrəli göstərişdən məlumatının olmaması, 26 yanvar 2026-cı il tarixdə əmək müqaviləsinə düzəliş etməsini bildirmişdir; - xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, X1 əmək müqaviləsi təsdiq olunması üçün təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 yanvar 2026-cı il tarixli protokol üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, şəxsin əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibinin yaranması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilmədiyinə görə yaranır. Yəni, əmək münasibətlərinin iştirakçısı ilk öncə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi barədə rəsmi qaydada məlumatlandırılmalıdır. Daha sonra, sözügedən göstərişə əmək münasibətlərinin iştirakçısı tərəfindən əməl edilməzsə onun barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir. Hazırki iş materiallarına AR ƏƏSMN yanında DƏMX Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113805/2025 nömrəli icrası məcburi olan göstəriş məktubunun Şəxsnə çatdırılması müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərlə Şəxs xx.xx.2025-ci il tarixli 3-17-5/2-113805/2025 nömrəli icrası məcburi olan göstəriş barədə 26 yanvar 2026-cı il tarixdə məlumatı olmuş və həmin tarixdə əmək müqaviləsinə düzəliş edilmişdir. Belə olan halda da şəxsin təqsirliliyi sübuta yetirilmir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 yanvar 2026-cı il tarixli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 06 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar