Məhkəmə qərarları › İş №3(5-117)-67/2026

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(5-117)-67/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(5-117)-67/2026 03.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Ağayeva Aynur İsa qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən qəbul edilmiş EQ 33328555 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş X3 İdarəsi tərəfindən inzibati xəta haqqında EQ 33328555 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, Azərbaycan Respublikası Baş DYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə istinadən EQ 33328555 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsassız və qanunsuz olduğunu qeyd etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, müvafiq elektron sistemə yüklənmiş qərar və DYP tərəfindən ona qoşulmuş fotoşəkillərdən görünür ki, ona məxsus olan NV ilə xx.xx.2026-cı il tarixdə hərəkətdə olan zaman sürət həddi aşılmışdır. Digər tərəfdən elektron sistemə yüklənmiş məlumatlardan aşkar etmişdir ki, bu barədə protokol bir gün sonra -xx.xx.2026-cı il tarixdə tərtib edilmişdir. Halbuki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Həmçinin İXM-nin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 328, 329.1 maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və həmin Məcəllənin 122.1- 1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İkincisi isə, İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Halbuki sözügedən xətanın aşkarlanmasında istifadə edilən və yol kənarındakı DYP maşınında yerləşdirilmiş texniki vasitə barədə qanuni tələb olan bu 2 göstəriciyə dair qərarda və protokolda heç bir məlumat yoxdur. Sonradan etdiyi şikayətə isə DYP tərəfindən heç bir cavab verilmir. Qeyd etmişdir ki, açıq aşkar görünür ki, tərəfindən hər hansı xəta törədilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, EQ 33328555 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsini inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandılmalarına baxmayaraq şikayətçi və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətin təmin olunması üçün əsas yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33328555 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 yolda müəyyən edilmiş sürət həddini aşdığına görə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş inzibati xətanın foto görüntüsündən müəyyən edilir ki, inzibati xəta xx.xx.2026-cı il saat 19:52-də törədilmişdir, qərar isə xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Şikayətin dəlili kimi göstərilmiş, protokolun inzibati xəta törədildikdən sonra dərhal tərtib edilməli olması ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından da göründüyü kimi, tənbeh vermə haqqında elektron qərar şikayətçinin elektron kabinetində 24 saat ərzində yerləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar İXM-nin tələbləri əsasında qəbul edilmişdir. İXM-nin 122-ci maddəsində göstərilən və şikayətçi tərəfindən mübahisələndirilən real vaxt rejimi isə müvafiq icra hakimiyyəti orqanları arasında məlumat mübadiləsini nəzərdə tutan vaxt rejimidir ki, bu müddət şəxsə bağlı inzibati tənbeh vermə haqqında elektron qərarın 24 saat ərzində qəbul edilməklə şəxsin elektron kabinetində yerləşdirilməsini istisna etmir. Habelə yol patrul avtomobili üzərində quraşdırılmış texniki vasitənin göstəricilərinin qanunsuzluğu ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, İXM-in 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsini qeydə alan xüsusi texniki vasitənin göstəriciləri ilə bağlı şikayətçinin şübhələri də əsassızdır. Belə ki, həmin vasitə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilmiş, habelə həmin qurğunun göstəriciləri (P1********) inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir. Beləliklə, məhkəmə iclasında şikayətçinin şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və İXM-nin 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar