Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-26/2026 15.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, sürücü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Daşkəsən rayonu Bayan kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2026-cı il tarixdə Daşkəsən rayon Bayan kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə münaqişə edərək ev əşyalarını dağıtması və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması ilə əlaqədar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Daşkəsən RPŞ-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs xx.xx.2026-cı il tarixdə səhər 5-6 saatlarında Daşkəsən rayonu Bayan kəndində yaşdığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə zamanı uca səslə nalayiq ifadələr işlədərək qonşuların narahatçılığına səbəb olmuşdur, həmçinin o, ev əşyalarını dağıdaraq yararsız vəziyyətə salmışdır. Bununla bağlı araşdırılma aparılaraq şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi üçün inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında göstərmişdir ki, ailəlidir iki uşağı var. Yük maşınının sürücüsüdür. Rusiyaya yükdaşımaqla məşğul olur. Buna görə də bir çox vaxtlarda evdə olmur. Arvadı Zərərçəkmiş şəxs onu qısqandığından aralarında tez-tez münaqişələr olur. Belə ki, o, Rusiyada bir nəfər uşağı özünə övladlığa götürdüyü üçün arvadı buna qısqanclıqla yanaşır. Hadisə baş verməzdən bir gün əvvəl arvadı onu telefonla başqa qadın ilə danışmaqda günahlandıraraq onunla mübahisə etmişdir. O, isə ona xəyanət etmədiyini və başqa qadınla danışmadığını bildirmişdir. xx.xx.2026-ci il tarixdə səhər saat 5-6 radələrində arvadı yenidən qısqanclıq edərək onunla mübahisə etməyə başlamışdır. Aralarında baş vermiş mübahisə zamanı o, əsəbiləşərək evdə olan əşyaları, soyuducunu, şkafı və digər əşyaları aşırmışdır. Həmçinin arvadının mobil telefonunu evin döşəməsinə vurmuşdur. Səs-küyü eşidən qonşular da onların evinə yaxın gəlmişdir. Bir neçə dəqiqə aralarında münaqişə yaşandıqdan sonra o, evdən çıxaraq Gəncə şəhərinə getmişdir. Daşkəsən RPŞ-nin polis sahə rəisi X2 ona zəng etdikdən sonra polis şöbəsinə gələrək izahat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə evlidir. Onları iki azyaşlı uşaqları vardır. Əri Şəxs ilə xəyanətə görə aralarında mütamadı münaqişələr yaşanır. Əri ona xəyanət edir. Belə ki, hadisə olan gecə Rusiyada yaşayan bir nəfər rus qadın onun telefonuna yazaraq və şəkillər göndərərək əri ilə yaxın münasibətdə olmasını bildirmişdir. xx.xx.2026-cı il tarixdə əri ilə mübahisə etməyə başlamış və əri mübahisə zamanı əri onu vurmuşdur. Bundan başqa o, ev əşyalarını soyuducunu, dolabı və digər əşyaları aşırdaraq sındırmışdır. Həmçinin ona məxsus olan mobil telefonu əlindən alaraq yerə vurub sındırmışdır. Həmin vaxt uşaqlar da evdə omuşlar. Ərinin ona qarşı xəyanət edərək mütamadi olaraq bu cür hərəkətlərə yol verməsi artıq onun üçün çətin və dözülməz bir vəziyyət yaradır. Aralarında baş vermiş hadisə ilə əlaqədar qonşularda onların evinə gəlmişdir. Hazırda onunla barışmadığını və şikayətçi olduğunu bildirir. Məhkəmə proses iştirakçılarını dinləyərək və inzibati xətanın xarakterini, işin sair hallarını nəzərə alaraq hesab edir ki, törədilmiş inzibati xətada cinayətin əlamətləri olduğunudan iş üzrə icraata xitam verilməklə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməl xx.xx.2026-cı il tarixdə saat 05-06 radələrində baş vermiş olduğundan gecə saatlarında törədilmiş hesab olunur. Hadisənin gecə saatlarında baş verməsi və eyni zamanda həmin hərəkətlərin qonşuluqda yaşayan şəxslərin dincliyini pozmasına səbəb olması cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaların kobud şəkildə pozulması sayılır. Bu kimi hallar hərəkətlərin xırda xuliqanlıq olmasını istisna edir. Bunlardan başqa, Zərərçəkmiş şəxs məxsus olmaqla onun şəxsi istifadəsində olan mobil telefonun evin döşəməsinə vurulması özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi görünür. Qeyd olunanlardan əlavə, evdəki soyuducu, dolab və digər əşyalar da, başqa şəxsə məxsus olduğu halda həmin əşyalara münasibətdə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi halı baş vermiş olur. Həmçinin, Zərərçəkmiş şəxs izahatında Şəxs onu vurduğunu göstərmişdir ki, bu fakt təsdiqini tapdıqda şəxsin üzərində zor tətbiq olunması halı aşkara çıxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.35-ci maddəsinə əsasən, gecə vaxtı-yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməklə İnzibati xəta haqqında işə baxılarkən qərar (qərardad) çıxarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibatda xətada cinayətin əlamətləri olduğundan materiallar araşdırılması üçün Daşkəsən Rayon Prokurorluğuna göndərilsin. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-26/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-26/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver