Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-14/2026 03.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi və şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X1 26 dekabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X1 26 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXMnin 257-ci maddəsi ilə, yəni, meşə fondu sahələrində özbaşına mal-qara otarılmasına görə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Qərar əsassız və qanunsuzdur, buna görə də ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Həmçinin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, eləcə də həmin qərara əsas olan inzibati xəta haqqında protokol tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. O, protokolun tərtib olunması və qərarın qəbul edilməsi barədə məlumatlandırılmamış, dəvət edilməmiş, izahatı alınmamış və iştirakı olmadan protokol tərtib edilərək qərar qəbul edilmişdir. Protokol onun tərəfindən imzalanmamış, yəni, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə barəsində qəbul edilmiş ləğv olunmalıdır. Məhkəmə iclasında X4 şikayəti müdafiə etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X2 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən X2 barəsində qəbul olunmuş 26 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, şikayət vermiş şəxs Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş əməli törətmədiyini bildirmiş, qərarından şikayət vermiş orqanın nümayəndəsi bunu təkzib edən, şikayətçi tərəfindən həmin inzibati xəta əməlinin törədilməsini təsdiq edən sübutları təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən X2 barəsində çıxarılmış 26 dekabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsini tərəfindən çıxarılmış 26 dekabr 2025ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin X4 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-14/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-14/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver