Məhkəmə qərarları › İş №3(5-120)-40/2026

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-40/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-40/2026 25.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X3 müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan bir ədəd 16 kalibirli çaplı, təklülə, buraxılış ili olmayan 1832K nömrəli ov silahını əldə edərək saxlamaqla mülki silahın əldə edilməsi qaydasını pozmuşdur. Gədəbəy rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən X1 İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2026-cı il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, həmin iş İXM-nin 43-cü maddəsinə əsasən xx.xx.2026-cı il tarixli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş X2, inzibati xəta haqqında haqqında material müəllifinə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə barəsində icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 04 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş 05 dekabr 2025-ci il tarixli raportdan, həmin tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları Gədəbəy rayonu ərazisində Gədəbəy rayon Musayal kənd sakini Şəxs patron yuvasında bir ədəd 16 mm patron olan İJ markalı, 1832K nömrəli, yivsiz ov tüfəngini aşkar edərək götürmüşlər. Həmin faktla bağlı toplana material xx.xx.2025-ci il tarixdə Gədəbəy rayon Polis Şöbəsinə göndərilmiş və “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1639 sayla qeydə alınaraq icrası Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat bölməsinə həvalə edilmişdir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı götürülərək Gədəbəy RPŞ-yə göndərilən 01 ədəd İJ markalı, təklüləli, 16 mm çaplı, 1832K nömrəli, yivsiz ov tüfəngi və 01 ədəd patron Gədəbəy RPŞnin Növbətçi Hissəsinə saxlanca verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməli İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi qaydalarına əsasən “Xidməti və mülki Silah” mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onun saxlanılması əldə edilməsi, daşınması və gəzidilməsi qaydaları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) tərəfindən müəyyən olunur. Xidməti və Mülki Silah haqqında Azərbaycan Respublikası qanunun 2.8-ci maddəsinə əsasən odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərə müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin qanunun 2.12-ci maddəsinə əsasən ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır Həmin qanunun 3-cü maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin qanunun 9-cu maddəsinin 8 və 10-cu bəndinə əsasən Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə icazə almadan soyuq ov silahını əldə edə bilər. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir. Həmin qanunun 24-cü maddəsinin tələblərinə əsasən bu qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət məsliyyətiin yaranması yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatını istisna edir. Məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati tənbeh nəzərdə tutulmuşdur. İXM-in 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 01 ədəd İJ markalı, təklüləli, 16 mm çaplı, 1832K nömrəli, yivsiz ov tüfəngi və 01 ədəd patron müsadirə edilməklə 80 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. X5 maddi sübutlar otağında saxlanılan 01 ədəd İJ markalı, təklüləli, 16 mm çaplı, 1832K nömrəli, yivsiz ov tüfəngi və 01 ədəd patron müsadirə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar