Məhkəmə qərarları › İş №3(5-121)-100/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-100/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-100/2026 16.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək xx.xx.2026-cı tarixdə məhkəməyə təqdim edilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Gəncə şəhəri, Əttarlar küçəsi, ev 113 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus evdə ümumilikdə dəyəri 80 manat olan 4 ədəd çilçırağı, qazanı və misləri oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi İTB-in polis sahə rəisi, polis baş leytenantı X2 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verdi və əlavə etdi ki, xx.xx.2026-cı il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus evdə ümumilikdə dəyəri 80 manat olan 4 ədəd çilçırağı, qazanı və misləri oğurlamışdır. Sonda Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onu evinə dəvət etmişdir. Pula ehtiyacı olduğundan tanışı olan Zərərçəkmiş şəxs ilə razılığa gəlmişlər ki, Rəsula məxsus yaşayış olmayan Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, 15 nömrəli evin zirzəmisində olan misi bərabər yığıb satsınlar. Qonşuların gözü qarşısında misləri bərabər yığmışlar, Rəsul özünəməxsus evə getdiyi üçün Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, 15 nömrəli evin açarını ona vermiş, həmin gün o, qapını açaraq evdən misləri götürmüş və tək özü misləri satmış, lakin səhəri gün Rəsulu tapa bilmədiyi üçün pulu onunla bölə bilməmişdir. Satılan 14 manat məbləğində mis olmuş, çilçıraq isə köhnə olduğundan onu sata bilməmiş və Gülüstan qəsəbəsində köhnə qədimi əşyaların satıldığı dükanın qarşısına qoymuşdur. Bundan sonra Rəsulgilin evinə gəlmiş, lakin onu tapa bilməmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, əşyaların dəyəri əslində 80 manat olmamış, bunu zərərçəkmiş şəxs özündən demişdir. Polis orqanında verdiyi izahatı özü imzalasa da, izahatda yazılanlar ona aid deyil. Əvvəllər də onun xırda talama ilə bağlı məhkəmədə işi olmuşdur. Himayəsində olan anası xəstədir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs çoxdan, yəni təxminən 3-5 ildir ki, tanıyır, eyni ərazidə yaşayırlar. Şəxs xahiş etmişdir ki, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən yaşayış olmayan evin zirzəmisini birlikdə təmizləsinlər, evdə lazımsız mis və şunurlar olduğu təqdirdə onu özü satmağı planlaşdırmışdır. Səhəri gün gəlib baxanda görmüşdür ki, evin kilidi sındırılmışdır. Qonşu ona evin kilidinin dünən onunla gələn şəxs, yəni Elcan tərəfindən sındırıldığını demişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, əşyaların dəyəri əslində 200-300 manat olsa da, Şəxs anası xəstə olduğundan əşyaların dəyərini 80 manat demişdir. Hazırda Şəxs ona dəymiş zərəri, yəni 80 manatı ona ödəmişdir. Odur ki, barışmaları və ona dəymiş ziyanın Şəxs tərəfindən ödənilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, 10 yanvar 2026-cı il tarixdə ünvan 2 ünvanda yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus evdən 734 manat məbləğində pul və qızıl zinət əşyalarını Şəxs oğurlaması faktı öz təsdiqini tapmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində AR İXM-in 227-ci maddəsinin tərkibi yarandığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər 1-ci PŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. -“İnzibati qaydada tutma haqqında” 14 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. -Zərərçəkmiş şəxs məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək Şəxs ona vurulan ziyanı tam şəkildə ödədiyi üçün onun barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 16 yanvar 2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəymiş zərəri ödəmiş və onunla barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus evdə ümumilikdə dəyəri 80 manat olan 4 ədəd çilçırağı, qazanı və misləri oğurlamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş zərəri ödəməsi, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar