Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-1005/2026 16.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Gəncə Regional Vəkil Bürsounun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tikinti üzrə usta işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 2026-cı il 14 mart tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 2026cı il 14 mart tarixində vətəndaş Şəxs qanunsuz qumar saytlarında qeydiyyatı və həmin saytlarda qumar oynaması ilə bağlı izahatı alınarkən ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 özü tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə vətəndaş Şəxs qumar oyunlarını oynaması ilə bağlı daxil olmuş raport əsasında o, polis şöbəsinə dəvət edilmişdir. Şəxs könüllü olaraq telefonunu təqdim etmiş və telefona baxış keçirilərkən onun müxtəlif saytlardan qanunsuz qeydiyyatdan keçərək qumar oyunları oynadığı, bank kart hesabına müvafiq məbləğlərdə pulun mədaxil və məxaric olunduğu məlum olmuşdur. Şəxs izahat alınarkən ucadan səs-küy salmış, ondan sakitləşməsini tələb etdikdə buna məhəl qoymamış və bununla da, tabesizlik göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, uşağı xəstə olduğu üçün pula ehtiyacı vardır və bu səbəbdən də müxtəlif saytlardan qeydiyyatdan keçərək qumar oyunları oynamışdır. Həmin saytların qanunsuz olduğunu bilməmişdir. Onu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etdikdə xx.xx.2026-cı il tarixində həmin polis şöbəsinə getmiş və orada polis əməkdaşına telefonunu könüllü təqdim etmiş, qumar oyunları oynadığını etiraf etmişdir. Əsəbi olduğu üçün ucadan danışmış, səs-küy salmışdır. Onu polis əməkdaşı sakitləşdirməyə çalışdıqda səs-küy salmağa davam etmişdir. Həmin vaxt otaqda ondan əlavə iki nəfər tanımadığı şəxs olmuşdur. Əməllərindən peşmandır. Qeyd edilənləri və himayəsində azyaşlı, xəstə uşaqlarının olmasını nəzərə alaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X4 çıxış edərək Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməllərini etiraf etməsini və səmimi peşmançılığını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 2026-cı il 14 mart tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 2026-cı il 14 mart tarixində saat 18:00-da inzibati qaydada tutulmuşdur. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Şəxs himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və şahidlərin izahatlarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm səlahiyyətli orqanın aidiyyəti üzrə təqdim etdiyi inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həm də özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli etiraf etməsini, səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 525 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 510.1, 525 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 manat inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-1005/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-1005/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver