Məhkəmə qərarları › İş №3(5-121)-111/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-111/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-111/2026 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə xx.xx.2026-cı tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs xx.xx.2026-cı tarixdə polis baş leytenantı Ayaz Babayevin qanuni tələbinə tabe olmayıb ucadan səs küy salaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında sahə rəisi X2 çıxışında hadisəni görmədiyini qeyd edərək ifadəsində Gəncə şəhər 2-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Ayaz Babayevin raportla müraciət etdiyini və onun xx.xx.2026-cı tarixdə vətəndaşın şikayəti ilə bağlı Şəxs izahatı alınması üçün şöbəyə dəvət etdiyini və şəxsin Gəncə şəhərində olmadığından gələ bilməyəcəyini deməsini bildirmişdir. Bundan sonra Ayaz Babayev həmin gün saat 17 radələrində onun işlədiyi maşın təmiri sexinə gedərək şöbəyə dəvət etdikdə imtina etmiş, ətrafda xidmət aparan PPX-nin əməkdaşlarının köməkliyi ilə onu şöbəyə gətirmişlər. Sədrlik edənin sualına cavab olaraq xanım şikayətində Cehunun “TikTok” sosial şəbəkəsində canlı yayımda təhqir etdiyini bildirmişdir. Sonda məhkəmədən protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, axşam canlı yayım açıb danışdığı tanışı xanımla danışmış, ertəsi günü Ayaz Babayev zəng edərək xanımın şikayətçi olduğunu və şöbəyə dəvət etdiyini bildirdikdə ona Daşkəsəndə olduğunu bildirmişdir. Həmin gün sexin qarşısında avtomobilin içərisində olarkən Ayaz Babayev gəlib “sür şöbəyə gedək” dedikdə ona öz maşını olmadığını və getmədiyini bildirmiş və bu vaxt Post Patrul Xidmətini çağırdıqda sakitcə avtomobilə əyləşib getmişdir. s Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirmişdir ki, Yasəmən xanımın müraciəti əsasında Cehunla əlaqə yaratmış və o, Daşkəsəndə olduğundan gəlməyəcəyini bildirmişdir. Sonra həmin gün mülki geyimdə onun yaşadığı ünvana gedən zaman onu “Daşqın İnşat” mərkəzinin qarşısında avtomobildə sükan arxasında oturduğunu görmüş və ona yaxınlaşaraq özünü təqdim edib şöbəyə dəvət etmiş, lakin o, nəqliyyat vasitəsinin özünə məxsus olmadığını bildirdikdə ona öz maşını ilə getməyini təklif etmiş, C. Nərmanov isə tabesizlik göstərərək getməkdən imtina etmişdir. Daha sonra C.X5 Xidmətinin əməkdaşlarının köməkliyi ilə avtomobilə əyləşdirib şöbəyə aparmış və sonuncu şöbədə də səs küy salaraq öz narazılığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar