Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-130/2026 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs Abbasova (Bayramova) Könül Abbas qızının iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)- 6517/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməməklə İXMin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Şəxs icra sənədi üzrə borcu 11.568 manat təşkil edir.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 oğlu izahatında qeyd etmişdir ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-6517/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.
4. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, müntəzəm olaraq zərərçəkmiş şəxsə pul ödəmişdir. Bunun nəzərə alınmasını xahiş edir.
5. Zərərçəkmiş şəxs (tələbkar) Abbasova (Bayramova) Könül Abbas qızı izahatında bildirmişdir ki, protokolda əks edilmiş hallar həqiqəti əks etdirir. Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ödənişləri ona verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: ... 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi ... 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı tərtib edilmiş protokola istinad edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkib əlaməti olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, İXM-in 528.1-1-ci maddəsinin dispozisiya şərtinə əsasən 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olur.
9. Başqa sözlə şəxs o halda İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər ki, o bir dəfə İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olsun, lakin bu qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra məmurunun tələblərinin yerinə yetirilməsindən yayınsın.
10. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir. Belə ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati xəta haqqında protokola Gəncə şəhər Məhkəməsində 3(125)-1225/2025 saylı, 07 aprel 2025-ci il tarixdə baxılmış və onun hərəkətlərində inzibati xəta tərkibinin olmaması əsası ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
11. Belə olan halda, yəni İXM-in 528.1-ci maddəsi ilə şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verildikdə, onun barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi qanuni sayıla bilməz.
12. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə qeyd edir ki, İXM-in tələbinə əsasən yalnız İXM-i ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləriobyektiv cəhət olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Kəmalə Bayramova