Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-131/2026 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 22 yanvar 2026-cı il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu xx.xx.2026-cı il tarixli izahatında hər ay hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Belə ki, icra sənədi üzrə borc 72535 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu Şəxs ödəniş etməsi üçün məhkəmə iclası təxirə salınsa da, onun tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Borclu barəsində zəruri məcburi icra təbdirləri görülmüş, həmçinin bu gün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş, həmçinin borclunun adına olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin avtomobil borclunun adına olsa da, onun istifadəsində deyil. Odur ki, qərarı məhkəmənin mülahizəsinə buraxdı. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda icra sənədi üzrə borc 72535 manat təşkil edir. Borclu cəzaçəkmə müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuş, onun əməkhaqqına tutma yönəldilmiş, icra sənədi üzrə 12465 manat pul ödənilmişdir. Borclu cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra cəmi 1200 manat ödəniş etmiş, lakin həmin ödənişlər poçt vasitəsilə tələbkar Zərərçəkmiş şəxs göndərilsə də o, borcunu bütövlükdə tələb etdiyindən həmin məbləği qəbul etmir. Borclunun əməlində qərəz yoxdur, belə ki, o, bütün çağırışlara gəlmişdir. Bu gün də borcludan ödəniş edilməsi tələb edilmiş, o isə cavabında maddi imkanı zəif olduğundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Həmçinin borclu işsiz olması barədə məşğulluq orqanına da müraciət etmişdir. Borclunun əməlində qərəz olmasa da, tələbkar borcun birdəfəlik ödənilməsini tələb etdiyi üçün hazırkı protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, zərərçəkmiş şəxsin hazırda icra sənədi üzrə borcun hamısını, yəni 72535 manatı tələb edir. Lakin onun hazırda həmin məbləği 2-3 dəfəyə hissə-hissə ödəyə bilmək qabiliyyəti yoxdur. Özü də zərərçəkmiş şəxsə bildirmişdir ki, iş qurana kimi ona hər ay 200- 300 manat ödəməyə imkan yaratsın. Kirayədə yaşayır, həmçinin uşaqları üçün aliment ödəyir. O, borcunu ödəmək niyyətindədir, icra sənədinin icrasından yayınmır. Odur ki, borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, məhkəmənin qərarı ilə inzibati cərimə olunduqdan sonra bugünədək cəmi 200 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxsə əvvəllər 1200 manat ödəniş etsə də, həmin məbləğ hələ də poçtdadır və zərərçəkmiş şəxs tərəfindən qəbul edilmir, bu isə onda borcun ödənilməsində tərəddüd yaratmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borc 72535 manat təşkil edir, borclu tərəfindən hər ay 200-300 manat ödəniş edilməsi borcun uzun müddət ərzində icra olunmasına gətirib çıxaracaq. Həmçinin borcluya pulu 2018-ci ildə vermişdir. Buna görə də icra sənədi üzrə borcun borclu tərəfindən birdəfəlik ödənilməsini xahiş edir. Borclu bundan əvvəl məhkəmənin qərarı ilə inzibati cərimə olunsa da, bundan nəticə çıxarmamış, borcunu ödəməmişdir. Odur ki, borclu borcunu birdəfəlik ödəmədiyi təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2748/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs vurulmuş zərərin əvəzi kimi 85000 (səksən beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2748/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş borclu tərəfindən imza edilməklə xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən əməyə cəlb olunaraq ərizəsi əsasında əməkhaqqının tam hissəsi zərərçəkmiş Zərərçəkmiş şəxs adına göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş məhkum Şəxs xx.xx.2025-ci il tarixdə cəza sonu ilə azad olunduğu üçün ona aid 2(043)-2748/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi və 2(043)-2748/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə göndərilmiş, qeyd hissəsində Şəxs 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində ümumilikdə 12465,33 manatın tələbkar Zərərçəkmiş şəxs ödənildiyi qeyd edilmişdir. - İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu tərəfindən xx.xx.2025-ci il tarixdə tələbkara 1000 manat məbləğində ödəniş edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-4194/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - xx.xx.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2748/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi icra etməməsinin səbəbi cəzaçəkmə müəssisəsində olması olmuşdur. 12465 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat və xx.xx.2026-cı il tarixdə 200 manat ödəmişdir. Hazırda adına gəlir və əmlak olmadığından və cəzaçəkmə müəssisəsindən yeni azad olunduğuna görə heç bir yerdə işləmədiyindən borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. -“Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2748/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Məhkəməsinin 3(125)-4194/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin borclu maddi imkanı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Məhkəmə bundan başqa qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin 3(125)- 4194/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən bugünədək cəmi 200 manat ödəniş etmişdir, hazırda borcun məbləğinin 72535 manat olduğunu nəzərə alsaq, borclunun hər ay 200-300 manat ödəniş etmək istəməsi qalıq borcun hələ bundan sonra da uzun müddətə ödənilməməsi deməkdir. Bu isə tələbkarın mənafeyinə zidd olmaqla məhkəmə qətnaməsinin də vaxtında icrasının təmin edilməməsinə gətirib çıxarar. Bu isə məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, borclunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsini tələb etməsi qətnamənin icrasını lüzumsuz ləngitmək məqsədi daşıyır. Borcluya ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə protokol tərtib olunan zaman məhkəmənin qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir, görünür ki, bu inzibati tənbeh növü yetərli deyil. Borcluya hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır, belə ki, onun hal-hazırda ödənilməmiş 72535 manat borcu vardır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Məhkəmə qərarının hissə-hissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, hissə-hissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Konstitusiyanın və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra məmuru tərəfindən hazırki inzibati xəta barədə işə baxılan günə onun barəsində bütün icra imkanlarından istifadə edilmiş, icra məmuru tərəfindən borcluya icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq şəxsən borcluya təqdim edilmiş, “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə sorğular verilmiş, həmçinin izahatı alınmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-131/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-131/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver