Məhkəmə qərarları › İş №3(5-121)-139/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-139/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-139/2026 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndələri - X4 və X3 və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evi köhnə olduğundan, onun sökülməsi və yerində yenisinin inşa edilməsi qərarına gəlmişdir. Bu məqsədilə həmin ünvandakı evin sökülməsi və yerində yenisinin inşa edilməsi üçün etibarnamə ilə nümayəndəsi olan Qədir adlı şəxsə həmin işlərin aparılmasını tapşırmışdır. Təxminən bir neçə ay bundan əvvəl həmin ev sökülmüşdür. Bu sökülmə işləri yalnız mülkiyyətində olan torpaq sahəsinin hasarı daxilində həyata keçirilmişdir. Bundan sonra o yeni tikilməsi nəzərdə tutulmuş evin layihə işləri ilə məşğul olmuş və sifarişi əsasında layihə hazırlanmışdır. xx.xx.2025-ci il tarixində özünü Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin əməkdaşı kimi təqdim edən bir nəfər şəxs oraya yaxınlaşaraq tikinti işlərinin aparılmamasını tələb etmişdir. Orada olan nümayəndəm layihə sənədlərini təqdim etsə də, onlar buna məhəl qoymadan barəsində onun iştirakı olmadan, hüquq və vəzifələri ona izah edilmədən inzibati xəta haqqında protokol tərtib etmiş və yekunda xx.xx.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 1000 manat miqdarında cərimə etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində olan fərdi yaşayış evini sökdürmüş və orada yenidən fərdi yaşayış evinin inşası üçün Qədir Əkbərova sifariş vermişdir. Aparılacaq tikinti işləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmiş, ümumiyyətlə hər hansı bir məlumatın verilməli olmasından xəbəri olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndələri onun iştirakı olmadan barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, inzibati tənbeh vermə haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxs X8 hər hansı bir məlumatlandırma etmədən və icazə almadan ona məxsus olan torpaq sahəsində tikinti aparmışdır. Həmin şəxs yaşayış evinin tikintisi ilə bağlı işlərin həyata keçirildiyini desə də, tikintisi aparılan obyektin layihəsi təqdim edilmədiyindən həmin obyektin yaşayış və ya qeyri-yaşayış obyekti olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də qeyd edilən tikinti obyektinin məlumatlandırma icraatının tətbiq edildiyi kateqoriyaya, yaxud da icazə alınması tələb olunan tikinti obyektləri kateqoriyasına aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Şəxə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işlərinin aparılması davam etdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edilməməsini məhkmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahatı alınmış digər nümayəndə X3 verdiyi izahata uyğun izahat verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndələrinin izahatlarını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, **********68-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 120.7 kvadratmetr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur. Torpaq sahəsinin kateqoriyası kimi "yaşayış məntəqələrinin torpaqları" qeyd edilmişdir. X1 ilə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsa da, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına dələlət edən , X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutların məcmusu məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X5 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə iclası zalında izahatı alınmış Gəncə Şəhər İcra Hakimiyyəti orqanının nümayəndələri bildirmişlər ki, tikinti obyektinin layihəsi təqdim edilməmiş və bu səbəbdən də həmin tikinti obyektinin hansı məqsədlə tikilməsi araşdırılmadan inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikası Konustitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konustitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasına dair 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüqüqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüquqlarına malikdir. Hec kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan tikinti obyektlərinin özbaşına inşa edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-cı maddələrində mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hansı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmaması göstərilmişdir. Həmin qanuna əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutulmasını, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən barəsində qərar qəbul edilən şəxsin həmin ünvanda inşa etdirdiyi tikinti işlərinin hansı kateqoriya tikililərə aid olmasının iş materialları ilə müəyyən olunmasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 şikayəti qismən təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün qərarın surəti Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar