Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-140/2026 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X5 oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş orqan - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər 4-cü polis bölməsinin sahə rəisi Nümayəndə1 ona qanunsuz və əsassız olaraq AR İXM-nin 266.3-cü maddəsi ilə inzibati qaydada cərimə yazmışdır. O, Gəncə şəhəri Dədə Qorqud prospektində yerləşən mağazalardan birini kirayə götürüb orada televizor təmiri ustası kimi fəaliyyət göstərir. Hadisə baş verən gün o, mağazada saxladığı bir neçə istifadəyə yararlı boş plastik yeşikləri mağazanın qarşısına qoymuşdur ki, onları evə aparıb içərisinə televizor təmiri üçün ehtiyat hissələri yığıb gətirsin. Adətən isə o, həmişə belə edir. Elə həmin vaxt oraya ərazinin sahə müvəkkili Nümayəndə1 gələrək onu bayıra çağırıb barəsində inzibati protokol tərtib edəcəyini bildirdi. O, ona həmin bir neçə plastik yeşiyi evə aparmaq üçün çölə yığdığını və maşının yük yeri açıq olduğunu və yeşikləri bir azdan evə aparacağını söylədi. Lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymayıb təkidlə bildirdi ki, “1 nömrəlinin (polis rəisini nəzərdə tutur) göstərişi var, bir neçə inzibati protokol yazılmalıdır, birini də sənə yazacam”. Etdiyi dəfələrlə xahişlərə baxmayaraq sahə rəisi barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 266.3-cü maddəsi ilə inzibati protokol tərtib edib onu 300 manat cərimə elədi. Bundan sonra o, Nümayəndə1 barəsində qanunsuz protokol tərtib etdiyi üçün həmin qərardan məhkəməyə şikayət edəcəyini bildirib, qərarın surətini ondan istəsə də polis əməkdaşı ona həmin qərarın surətini vermədi və bundan sonra o, qərarın surətini 4cü polis bölməsi və DİN-nin 102 xidmətinə zəng edib tələb etməyə başladı. Lakin etdiyi bütün səylərə baxmayaraq onlar həmin qərarın surətini ona vermədilər və qərardan şikayət müddəti keçməsi üçün qəsdən bu məsələni 2 ay uzatdılar və nəhayət 20 yanvar 2026-cı il tarixdə növbəti DİN-nin 102 xidmətinə şikayətindən sonra həmin qərarın surətini ona 4-cü bölmənin dəftərxanası verdi. Həmin qanunsuz qərar düzgün tərtib edilməmişdir. Belə ki, inzibati qərarda işə baxılarkən nə müəyyən edildiyi ümumiyyətlə qeyd edilməmiş və eləcə qərarda qeyd edilmşdir ki, guya onun tərəfindən İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda barəsində tərtib edilmiş inzibati protokolda da inzibati xətanın törədilmə yeri, həmin faktı təsdiq edən sübutlar qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, inzibati xəta Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi Nümayəndə1 tərəfindən müəyyən edilmiş və bununla bağlı foto-şəkillər çəkilmişdir. Həmin özüdə orada olmuşdur. Foto-şəkillərdən də aydın şəkildə görünür ki, X3 tərəfindən yol kənarına məişət tullantıları, yəni meyvə yeşikləri və qutuları atılmışdır. Odur ki, qərardan şikayət vermiş şəxsin şikayətinin təmin edilməməsini və sözügedən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə qərardan şikayət verən və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X3 barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İXM 266.3-cü maddəsinin mənasından aydın olur ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması başa düşülür. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs həm ifadəsində həm də şikayət ərizəsində elektronik əşya ustası olduğunu, səkiyə qoyduğu meyvə yeşikləri və karopkalarının özünə məxsus olduğunu və onların içərisində işi ilə bağlı müəyyən ləvazimatlar və detallar daşıdığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxs tərəfindən yolun kənarına qoyulmuş əşyaların məişət tullantısı olmaması müəyyən edilmiş və bunun əksini təsdiq edən hər hansı mötəbər sübut inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması faktı öz təsdiqini tapmır və sübuta yetirilmir. İXM-nin müddəalarından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-140/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-140/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver