Məhkəmə qərarları › İş №3(5-121)-154/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-154/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-154/2026 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1cu maddələrinin tələbinə əsasən tərtib edilmiş MN ******* saylı inzibati protokola dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 06 avqust 1988-ci ildə Xanlar rayonunun Çobanabdallı kəndində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, hazırda Samux rayonu, Çobanabdallı Ə/D, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-in sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 26 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.

2. Həmin protokolda və ona əlavə edilmiş materiallarda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 23:10 radələrində “Dünya” məktəbinin qarşısında baş vermiş yol qəza hadisəsi ilə əlaqədar polis əməkdaşları hadisə yerində olarkən Şəxs orada telefonla danışıb polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi kobud şəkildə pozub ətrafdakı insanların diqqətini öz üzərinə çəkmişdir. Bununla əlaqədar olaraq polis əməkdaşları Şəxs yaxınlaşaraq onu qanunsuz fikirlərinə və qanunsuz əməllərinə son qoymasını tələb etsələr də, sonuncu polisin qanuni göstərişlərinə məhəl qoymamışdır.

3. “İnzibati qaydada tutma haqqında” protokolla müəyyən edilir ki, Şəxs 24 yanvar 2026-cı il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur.

İş üzrə proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X6 izahatında qeyd etmişdir ki, Şəxs ictimai yer sayılan küçədə polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi kobud şəkildə pozub ətrafdakı insanların diqqətini öz üzərinə çəkmiş, bu hərəkətlərinə son qoyması üçün ona yaxınlaşan polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur.

5. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında barəsində tərtib olunmuş protokolla razılaşmadığını bildirərək qeyd etmişdir ki, o hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsi xahiş edir.

6. Məhkəmə iclasında şahid qismində izahat verən X4 bildirmişdir ki, Şəxs ictimai yer sayılan küçədə polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi kobud şəkildə pozub ətrafdakı insanların diqqətini öz üzərinə çəkmiş, bu hərəkətlərinə son qoyması üçün ona yaxınlaşarkən isə polis əməkdaşlarının qanuni göstərişlərinə məhəl qoymamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur.

7. Məhkəmə iclasında şahid qismində izahat verən X5 şahid qismində izahat verən X1 izahatına uyğun izahat vermiş onun göstərdiyi xüsusatları təkrarlamışdı. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. ... 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddələrlə təqsirli bilinməklə inzibati qaydada tənbeh edilməlidir.

10. Məhkəmə gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

11. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən şəxs o zaman qeyd edilən maddə ilə təqsirli bilinir ki, o, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol versin.

12. Bundan əlavə şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti o zaman meydana gəlir ki, şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasın.

13. Məhkəmə İXM-in 510 və 535.1-ci maddəsi ilə bağlı halları birlikdə şərh edərək qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır.

14. İş materialları, eləcə də proses iştirakçılarının məhkəmə prosesi zamanı verdiyi ifadələrlə müəyyən edilir ki, Şəxs küçədə ictimai yerdə xırda xuliqanlıq hərəkətləri edərək söyüş söydüyü üçün polis əməkdaşı tərəfindən nizam intizama dəvət edilmiş, lakin o polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd edilən xüsusatlar Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir.

15. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə hesab edir ki, müvafiq sübutlar əsasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrinin tərkib əlamətləri mövcuddur.

16. Təyin ediləcək inzibati tənbeh tədbirinə gəlincə məhkəmə inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutaraq qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır».

17. Məhkəmə qeyd edir ki, təsvir edilən normaların məzmunundan da göründüyü kimi inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin.

18. Yuxarıda qeyd edilən halların kontekstində məhkəmə bildirir ki, İXM-in 510 və 535.1-ci maddəsində inzibati tənbeh qismində qanunverici 2 əsas tənbeh növünü nəzərdə tutmuşdur: cərimə və ya inzibati həbs.

19. Məhkəmənin qənaətinə görə inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq ona cərimənin tətbiq edilməsini labüddür.

20. Eyni zamanda məhkəmə bildirir ki, inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X2 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir.

22. Eyni zamanda qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edildiyi təqdirdə şəxs inzibati məsuliyyətə cəlb edilməlidir: 1. inzibati xəta hadisəsi; 2. inzibati xəta törətmiş şəxs; 3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

23. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər.

24. Həmçinin iş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokolla müəyyən edilir ki, Şəxs 24 yanvar 2026-cı il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. İşin bu halını nəzərə alan məhkəmə İXM-in 31.4-1-ci maddəsinin tələbini əsas götürərək bildirir ki, şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla yüngül tənbeh tədbiri tətbiq edilməlidir.

25. Beləliklə, məhkəmə törədilmiş inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir.

26. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 34, 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Kəmalə Bayramova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar