Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-159/2026 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər İcra İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala dair Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi, Bəşirov Cavid Musa oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.
2. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3305/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-257/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda Şəxs 14190 manat ödənilməmiş aliment borcu qalmışdır.
İş üzrə proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X6 izahatında qeyd etmişdir ki, Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəmədiyindən X1 tələbi əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur.
4. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o uzun müddət işsiz olduğundan aliment borcu yaranmışdır. Bundan əlavə o, müəyyən dövrlərdə keçmiş arvadının bank hesabına ödənişlər etmişdir. Qeyd edilənləri nəzərə alaraq ədalətli qərarın qəbul edilməsini xahiş edir.
5. Zərərçəkmiş şəxs (tələbkar) X5 izahatında bildirmişdir ki, keçmiş əri Şəxs məhkəmə qərarı ilə təyin edilmiş alimenti ödəməkdən yayınır. Baxmayaraq ki, birgə nikahdan olan övladım ağır birinci dərəcə şəkər xəstəsidir. Bundan əlavə Şəxs əsas ödənişi ikinci nikahdan olan övladlarına edir. Qeyd edilənləri nəzərə almaqla Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və ödənilməmiş aliment borcunun tam ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. Maddə 23. Əsas və əlavə inzibati tənbehlər 23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Maddə 31. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları 31.1. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi 8.1.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.2 Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi
8. Məhkəmə qanunvericiliyin müvafiq normalarına, inzibati xəta ilə bağlı tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara yol verdiyindən o, həmin maddə təqsirli bilinməli və inzibati tənbeh edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.
10. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibatı məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibatı həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
11. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.
12. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müvafiq sənədlər inzibati xəta törədən şəxsin əməlində İXM-in 528.1-ci maddəsinin olmasına dəlalət edir. Belə ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3305/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-257/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə tutulması qət edilmişdir.
13. Bundan əlavə iş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 8(125)- 143/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadından görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-3305/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.
14. Beləliklə, göründüyü kimi Şəxs aliment borcunun ödənilməsini təhrik edilməsi üçün bütün zəruri tədbirlər görülməsinə baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş alimenti ödəməkdən yayınmış, icra məmurunun qanuni tələbini icra etməmişdir.
15. Bundan əlavə qeyd etmək lazımdır ki, məhkəmə prosesində Şəxs müəyyən dövrlərdə zərərçəkmiş şəxs X1 hesabına pul köçürdüyünü qeyd etmişdir. Məhkəmə prosesində məhz bu istiqamətdə aparılmış araşdırma zamanı Şəxs bəyan etdiyi hal, yəni ödənişlərin aparılması öz təsdiqini tapmamışdır. Belə ki, X5 izahatında Şəxs tərəfindən ödənişlərin aparılmadığını bildirmişdir.
16. Eyni zamanda iş materiallarına əlavə edilən qəbzlərdə Şəxs tərəfindən zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixdə 600 manat (əvvəlcə 500, sonra isə 100 manat), xx.xx.2023-cü il tarixdə isə 500 manat ödənildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə prosesində iştirak edən icra məmuru da yuxarıda qeyd edilənlərdən başqa ödənişlərin Şəxs tərəfindən zərərçəkmiş şəxs X3 ödənilməsindən məlumatsız olduğunu vurğulamışdır.
17. Məhkəmə həmçinin qeyd edir ki, digər ödənişlərlə bağlı qəbzlər və ya bu halı təsdiq edən mötəbər dəlillər təqdim edilməmişdir. Belə olan halda məhkəmə Şəxs tərəfindən zərərçəkmiş şəxs X3 mütəmadi ödənişlərin edilməsi ilə bağlı halı özünü müdafiə kimi qiymətləndirir.
18. Şəxs barəsində təyin ediləcək inzibati tənbehə gəlincə məhkəmə işin hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır.
19. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsinı və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki. tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektik qiymətləndirilməlidir.
20. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun, olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibatı xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
21. Beləliklə, məhkəmə törədilmiş inzibatı xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, ış üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər.
22. Məhkəmə inzibatı xəta törətmiş şəxsin nəzərinə çatdırır kı, İXM-ın 31.5-cı maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir.
23. Göstərilənlərə əsaslanaraq inzibatı Xətalar Məcəlləsinin İXM-nın 40, 43, 48-51 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 26 yanvar 2026-cı il tarixdən, saat 19:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.