Məhkəmə qərarları › İş №3(5-121)-164/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-164/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-164/2026 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 26 yanvar 2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 24 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsi 1-ci döngədə olan zaman ucadan nalayiq ifadələr işlədib ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, icraatına daxil olmuş raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə DİN-in “102” qaynar xəttinə Şəxs həyat yoldaşı tərəfindən aralarında münaqişə olması barədə məlumat daxil olub. Əməliyyat qrupu dərhal hadisə yerinə gedərək orada sakitçilik yaratmağa çalışsa da, Şəxs səs-küy salmış, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilsə də, o, buna əməl etməmiş, əməllərini davam etdirmişdir. Şəxs bundan bir neçə gün əvvəl məhkəmənin qərarı ilə inzibati həbs edilmiş, lakin apellyasiya şikayəti verərək apellyasiya instansiyasında ziyanı ödədiyi üçün azad olunmuşdur. Odur ki, protokolu müdafiə edərək Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, iki gün bundan qabaq xalasıqızı olan həyat yoldaşı ilə aralarında iki otaqlı evlərinə tez-tez həyat yoldaşının qohumlarının gəlməsinə və həyat yoldaşının qardaşının Moskva şəhərindən ona göndərdiyi 500-600 manat pul vəsaitini ona verməməsinə görə mübahisə yaşamışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, maddi imkanı olmadığından mağazadan 75 manat məbləğində yağ oğurlamış, buna görə də bundan bir neçə gün əvvəl məhkəmənin qərarı ilə inzibati həbs edilmiş, lakin apellyasiya məhkəməsində ziyanı tam ödədiyi üçün həbsdən azad olunmuşdur. Himayəsində 1-ci qrup əlil uşağı var. Əvvəllər narkotik vasitələrdən istifadə etməsinə görə məhkumluğu olmuşdur. Hazırda narkotik vasitələrdən istifadə etmir. İki gün bundan qabaq gecə saatlarında evlərinə gələn polis əməkdaşları tərəfindən inzibati qaydada tutulmuşdur. O, polis əməkdaşlarından səbəbin nə olduğunu soruşduqda, ona heç bir cavab verməmişlər. Həyat yoldaşının DİNin 102 xidmətinə etdiyi müraciətdən xəbəri olmamışdır. Həmçinin polis əməkdaşları evə gələndə həyat yoldaşı evdə olmamış, qonşuluqda yaşayan xalasıqızıgilə getmişdir. Şahidlərin ifadələri ilə razı deyil, onlardan biri gələndə həyat yoldaşının evdə olduğunu desə də, digər şahid bunu təkzib edir. Hadisə zamanı spirtli içkilərin təsiri altında olmuşdur, bunu danmır. Sonda törətdiyi əməli etiraf etməklə peşman olmasının və himayəsində 1-ci qrup əlil uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə 102 xidməti zəng mərkəzinə Şəxs həyat yoldaşı tərəfindən zəng daxil olmuşdur. Həmin məlumatda qeyd olunur ki, həyat yoldaşı içki və narkotik aludəçisi olan Şəxs onu içib döydüyünü və bıçaqla hədələdiyini bildirmişdir. Bundan sonra dərhal hadisə yerinə, yəni ünvan 1 ünvanına gedilmiş, həyat yoldaşı Şəxs evdə olduğunu bildirmişdir. Qapını döymüş, ona barəsində şikayətin olduğu bildiriləndə Şəxs aqressiya göstərərək ucadan nalayiq ifadələr işlətmiş, stolun üzərində olan bıçağı götürərək polis şöbəsinə aparılacağı təqdirdə özünü öldürəcəyi ilə hədələmişdir. Bu zaman əlindəki olan bıçağı digər polis əməkdaşları ilə birlikdə onun əlindən alaraq onu çölə çıxartmış və post-patrul xidmətinin avtomobilinə əyləşdirmişlər. Bu zaman Şəxs spirtli içkilərin təsiri altında, həmçinin əsəbi olduğundan avtomobilə əyləşmək istəməmiş, polis əməkdaşlarına müqavimət göstərmiş, ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, zorla Gəncə şəhər 1-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Həmçinin Şəxs idmançı oğlunu onların üstünə göndərəcəyi ilə hədələmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, evə daxil olanda evdə üç nəfər özü və iki oğlan olmuşdur. Şəxs hadisə zamanı orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid ifadəsində bildirdi ki, Şəxs barəsində bundan əvvəl də dəfələrlə şikayət olmuşdur. xx.xx.2026-cı il tarixdə, saat 22 radələrində Şəxs həyat yoldaşı Elnarə Hümbətova DİN-in “102” xidmətinə məlumat verərək narkotik vasitə aludəçisi olan həyat yoldaşının onu döyməsi, bıçaqla hədələməsi və evdə olan əşyaları aparmasını bildirmişdir. Bundan sonra dərhal əməliyyat qrupu ilə ünvana gedilmiş, bu zaman Şəxs evdə olduğunu müəyyən etmişlər. Ona barəsində şikayət olduğu və şöbəyə getməsi təklif edilsə də, Şəxs şöbəyə getməyəcəyini, onu aparacaqları təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Şəxs özünə xəsarət yetirmək istəyərkən çevik polis əməkdaşları tərəfindən bıçaq Şəxs əlindən alınmışdır. Şəxs sərxoş vəziyyətdə idi. Ona verilən suallara cavab olaraq bildirdi ki, evə daxil olanda evdə ailə üzvləri – Şəxs oğlu, qardaşı oğlu Orxan və digər qonşular olmuşdur. Bu zaman küçədə olan Şəxs həyat yoldaşı da evə daxil olmuşdur. Şəxs 1-ci qrup əlil uşağına qəyyum kimi onun həyat yoldaşı Elnarə Hümbətova təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 24 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsi 1-ci döngədə olan zaman ucadan nalayiq ifadələr işlədib ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. -24 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 yanvar 2026-cı il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 418/2026 nömrəli, xx.xx.2026-cı il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, həmçinin inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, polis əməkdaşları tərəfindən Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməsi səbəbindən irad bildirilmiş, lakin o, öz hərəkətlərini davam edərək, polis əməkdaşlarının qanuni tələbinə əhəmiyyət verməyərək və tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməlini etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirilən hal qismində nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, əməlini etiraf etməsini və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 08 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 16 (on altı) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24 yanvar 2026-cı il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar