Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-168/2026 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, X4 küçəsi, ev 99 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu xx.xx.2026-cı il tarixli izahatında hər ay 50 manat ödəniş edəcəyini bildirmişdir. Belə ki, icra sənədi üzrə borc 52247 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, icra sənədi üzrə borclu tərəfindən bugünədək heç bir ödəniş edilməmişdir, onun hazırkı borcu 52247 manat təşkil edir. Borclu bir dəfə İdarəyə gələrək izahat vermiş, lakin borclu sonradan onun telefon zənglərinə cavab vermədiyi üçün borclu barəsində axtarış qərarı qəbul edilərək polis əməkdaşları vasitəsilə İdarəyə gətirilmişdir. Borclu maddi imkanı olmadığını və heç bir yerdə işləmədiyini əsas gətirərək icra sənədi üzrə borcunu ödəmir. Borclu barəsində zəruri məcburi icra tədbirləri görülmüşdür. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. İcra məmuru ona verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi xx.xx.2025ci il tarixdə icraatına daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcunun olmasını qəbul etmir. Əslində tələbkara onun yox, başqa bir “Elmira” adlı sələmçi qadının borcu var, lakin tələbkar həmin şəxsdən borcunu ala bilmədiyi üçün pulu ondan tələb edir. Məhkəmə qətnaməsindən narazı olduğu üçün apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. Bundan sonra kassasiya şikayəti verməmişdir. Heç bir yerdə işləmir, icra sənədi üzrə ayda cəmi 50 manat ödəniş etməyə gücü çatır. Ona verilən suallara cavab olaraq bildirdi ki, cəmi bir dəfə, keçən ilin iyul ayında icra məmurunun yanına getmiş, izahat vermiş, lakin ondan sonra 9 ildir ki, istifadəsində olan mobil telefon nömrəsinə icra məmuru tərəfindən heç bir zəng gəlməmişdir. Lakin İdarədə verdiyi izahatında həmin nömrəni yox, iş nömrəsini qeyd etmişdir. Əvvəllər hərbi hissədə işləmiş, o, tələbkardan pul almamış, tələbkar ona öz razılığı ilə hissə-hissə ona 50-100 manat pul vermişdir. Lakin tələbkar ona tam formada 52000 manat pul verməmişdir. Tələbkarla “İnstagram” sosial şəbəkə platformasında tanış olmuşlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, tanışlığı olan borclu ondan pulu “təhqiqatçı” vəzifəsinə işə düzəlmək adı götürmüş, hətta aralarında razılaşmışlar ki, borclu işə girəndən sonra pulu hissə-hissə ona qaytaracaq. Borclu tərəfindən hər ay ona 50 manat ödəniş edilməsinə razı deyil. Odur ki, borcunu ödəməyəcəyi təqdirdə borclunun inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Gəncə Şəhər Məhkəməsinin 2(125)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 52000 (əlli iki min) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməli və 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş borclu tərəfindən xx.xx.2026-cı il tarixdə imza edilməklə qəbul olunmuşdur. -xx.xx.2025-ci il tarixli Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Leyla Məmmədova tərəfindən qəbul edilmiş “borclunun məcburi gətirilməsi” haqqında qərardan görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə üzrsüz səbəbdən gəlmədiyi halda məcburi gətirilməsi üçün Gəncə Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. -Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır. Tələbi icra etməməsinin səbəbi borcunun olmamasıdır. Bugünədək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə qərarı ilə razı olmadığı üçün apellyasiya məhkəməsinə şikayət edəcək. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. -Tələbkar tərəfindən İdarədə verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclunun ona yuxarıda qeyd olunan icra vərəqəsi üzrə heç bir ödənişi yoxdur, odur ki, icra sənədi üzrə borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş edir. -Gəncə Şəhər Məhkəməsinin 8(125)-655/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni Gəncə Şəhər Məhkəməsinin 2(125)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2025-ci il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclunun ünvanı kimi qeyd olunmuş Gəncə şəhəri, M.S.ünvan 2 ünvanda yaşamadığı və borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir dəyərli əmlakın aşkar olunmadığı müəyyən edilmişdir. -xx.xx.2026-cı il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. -xx.xx.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. -Borclu İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdar deyil, ona şər-böhtan atılıb. Tələbi icra etməməsinin səbəbi borcunun olmaması və heç bir yerdə işləməməsidir. Bugünədək icra sənədi üzrə ödəniş etməmişdir. Şikayəti var, hər ay 50 manat ödəniş edə bilər, lakin hazırda etmir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. -“Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs adına rəsmiləşdirilmiş əmək müqaviləsi, pensiya və sosial ödəniş məlumatları yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarından məlum olur ki, icra məmuru tərəfindən icra sənədi üzrə zəruri məcburi icra tədbirləri görülmüşdür. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmiş, icra sənədinin icrasına səhlənkar yanaşmış, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-168/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-168/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver