Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-235/2026 04.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli tənbeh vermə haqqında qərarla İXM-nin 327.4-ci maddəsi ilə təqsirli blinərək 150 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan onun xx.xx.2026-cı il tarixdə xəbəri olmuş, xx.xx.2026-cı il tarixdə Gəncə şəhər BPİ-nin rəisinə rəsmi müraciət edərək tətdiyi inzibati xətalar haqqında qeydiyyatda olduğu ünvana göndərməklərini xahiş etmiş və xx.xx.2026-cı ildə qeydiyyatda olduğu ünvanda poçt ilə almışdır. Hesab edir ki, sözügedən qərar qanunsuz və əsassızdır. Buna görə də qərar məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında işlər üzrə qərar ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın xüsusi texniki vasitə ilə qeydə alındığı göstərilmişdir. Qərar xüsusi texniki vasitə ilə yox hər bir müşayiət kamerası vasitasi ilə qeydə alınaraq qəbul edilmişdir. Qeyd olunan müşayiət kamera xüsusi texniki vasitə deyil, həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur, əgər olsa da belə qeyd olunan müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitə sayılır. Qeyd olunan texniki vasitənin sertifikatı olub-olmamasını DYP-dən tələb etsədə, ona yanlız Məhkəmə sorğusu əsasında veriləcəyi bildirmişdir. Odur ki, sözü gedən avtomobilini çəkmiş müşayiət kamerasının sertifikatı mövcüd deyil və həmin kamera ilə xüsusi texniki vasitə kimi qərar qəbul oluna bilməz. Törədilmiş inzibati xətalar haqqında onun heç bir məlumatı olmamış, üzərindən bir müddət keçəndən sonra DYP əməkdaşı saxlayıb 2 ədəd ödənilməmiş cəriməsinin olduğunu bildirmişdir. Gəncə DYPİ-nə yaxınlaşaraq protokoları rəsmi şəkildə vermələrini tələb etmiş, lakin onlar SMS vasitəsilə göndərdiklərini bildirmişlər. xx.xx.2025-ci il tarixli EQ 32282945 nömrəli qərarda Gəncə şəhər İmamzadə dini kompleksində Gəncə şəhər istiqamətinə hərəkət edərkən körpünün altında yük maşını ilişib qaldığında suni tıxac yaranmış və o da alternativ yoldan istifadə etmək üçün qarşı zolağa çıxdıqda cərimə tətbiq etmişlər. Qeyd olunan qərarın üzərindən xeyli vaxt keçdikdən sonra xəbər tutmuş, 150 manatın üzərinə xeyli miqdar cərimə gəlmiş, cərimənin gəlmə səbəbi isə qərarın gec alması ilə bağlı olmuşdur, həmçinin qayda pozuntusu törədildiyi halda məbləğə 10 faiz güzəşt edilir və o, həmin güzəştdəndə yararlanmamışdır. Məhkəmə iclasında şikayətçı X4 çıxışında şikayət ərizəsini müdafiə edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, yol tıxac olduğundan o, əks istiqamətə keçmişdir, lakin barəsində qəbul edilmiş qərar xüsusi texniki vasitə ilə yox , müşayiət kamerası vasitəsi ilə qeydə alınmışdır. O, bildirmişdir ki, müşayiət kamerası xüsusi texniki vasitə deyil, həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Bunları nəzərə alaraq o, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ3228245 nömrəli elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. 1.1 yol nişanı - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 yol nişanı - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11 yol nişanı - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Beləliklə, qərarda əks olunmuş fotoşəkillərə baxış keçirən zaman müəyyən olunmuşdur ki, X1 şəhəri, Azərbaycan küçəsində xx.xx.2025-ci il tarixdə, saat 11:15:25 radələrində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə qaydalarını pozaraq İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də onun barəsində 28 noyabr 2025-ci il tarixdə EQ 32282945 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla yanaşı özünün etiraf edici ifadəsi və qərarda əks olunmuş fotoşəkillərlə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı və sonuncunun Azərbaycan Respublikası İXM-nin 327.4cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32282945 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-235/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-235/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver