Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-27/2026 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs hazırda bu günə olan aliment borcu 7500 manat təşkil edir. Borclu sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Bundan əlavə olaraq borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, icra sənədi xx.xx.2016-cı il tarixdə İdarənin icraatına daxil olduqdan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Borclu dəfələrlə İdarəyə dəvət olunmuş, borclu ilə zərərçəkmiş şəxs arasında əvvəllər barışıq əldə olunaraq borclu müəyyən aliment ödənişləri etsə də, borclu sonradan ödənişlər edə bilməmiş, İdarədə verdiyi sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Həmçinin 2 il bundan qabaq borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati həbs olunmuşdur. Bundan əlavə olaraq borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Borclunun hazırda aliment borcu 7500 manat təşkil edir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, usta kimi fəaliyyət göstərmişdir, lakin 5 ay bundan qabaq “Hindarx” kanalının üzərinə suvaq vuranda yıxılmış çənəsi qırılmışdır. Buna görə də xeyli müddət işləyə bilməmiş, həmçinin aliment ödənişləri də edə bilməmişdir. Lakin həmin hadisə baş verənə kimi mütəmadi olaraq 150 manat məbləğində aliment ödənişləri etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, icra məmurunun çağırışlarından yayınmır. Bu ayın 15-i aliment borcundan 250 manat ödəniş edə bilər, bunun üçün ona məhkəmə tərəfindən vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs əvvəllər mütəmadi olaraq qismən aliment ödənişləri etsə də, sonuncu dəfə avqust ayında ödəniş etmiş, sentyabr ayından bəri isə heç bir aliment ödənişi həyata keçirmir. Hazırda Şəxs 7500 manat aliment borcu var. Odur ki, borcluya vaxt verilməməsini, onun borcunu ödəməyəcəyini qeyd edərək borclunun inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş: -Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-414/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsi, alimentin tutulmasının xx.xx.2015-ci il tarixdən hesablanması qət edilmişdir. -xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-414/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icraat başlanmış, həmin qərar xx.xx.2016-cı il tarixdə borcluya təqdim edilmişdir. -xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-414/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş, həmin bildiriş xx.xx.2016-cı il tarixdə borcluya təqdim edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 50/**********1 nömrəli məktubdan görünür ki, borclu Şəxs ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. -Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-85/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 1Q, mənzil 36-da yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. -xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-414/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclunun ünvanı kimi qeyd olunmuş ünvan 2 ünvanda yaşamadığı və borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir dəyərli əmlakın aşkar olunmadığı müəyyən edilmişdir. -xx.xx.2025-ci il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktdan görünür ki, borclunun ünvanı kimi qeyd olunmuş ünvan 2 ünvanda yaşamadığı məlum olmuşdur. -Borclu İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə tələbi bugünədək icra etməməsinin səbəbi iş yerində yıxılaraq xəsarət alması və son aylar çənə sümüyünün qırıq və çat olması olmuşdur. Hər ay köhnə və yeni ayların borcu qismində ayda 150 manat ödəyir. Bundan başqa, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti yoxdur. -“Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, borclunun öz aliment borcunu ara-sıra ödəməsi onun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmaması görüntüsünü yaratmaq xarakteri daşıyır. Bundan əlavə məhkəmə hesab edir ki, borclunun 5 aydır ki, ödəniş etməməsini səhhəti ilə əlaqədar yaranmış problemlə əsaslandırsa da, məhkəməyə bunu təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(5-121)-27/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-27/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver