Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-315/2026 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rütəmli Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə X1 adminstrator olduğu Gəncə şəhər Şəddadilər küçəsi 108-də yerləşən Araz marketdən ümumi dəyəri 50 manat olan 2 ədəd yağı Şəxs oğurlamışdır. Nəticədə o, Azərbayan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi X3 protokolun məzmununa uyğun çıxış edərək Şəxs xx.xx.2026-cı tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Polis Şöbəsinə gətirildiyini və barəsində protokol tərtib edildiyini bildirərək veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək çıxışında ehtiyacı olduğundan oğurluq etdiyini bildirmişdir. O, məhkəmə iclasına sədrlik edənin sualına cavab olaraq ödəniş etməsi üçün ona 5-10 gün vaxt verilməsini, lll dərəcəli əlil olmasını və 180 manat təqaüd aldığını bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək bağışlanmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 27 yanvar 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciətində göstərilənlərə əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci PŞ-nin İTB-nə göndərilmişdir. - 27 yanvar 2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlaması barədə” qərardan görünür ki, Şəxs ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. - 27 yanvar 2026-cı il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, peşmançılığını və lll qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-315/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-315/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver