Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-316/2026 30.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Umud oğlunun sədrliyi, X2 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Goranboy rayonu, Börü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 28 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd olunan protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs özünə məxsus **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə qayda pozuntusu etdiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomobili duracağa aparmaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan səs-küy salmış və avtomobilinə quraşdırılmış əlavə avadanlığı çıxaracağını və ona bununla bağlı vaxt verilməsini polis əməkdaşlarından xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə iş materiallarında göstərilənlərə uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Gəncə şəhərində idarə etdiyi avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamışdır. Halbuki o, həmin vaxt dönmə işığından da düzgün istifadə etmiş təhlükəsizlik kəmərindən də istifadə etmişdir. YPX əməkdaşları ona saxlayan zaman heç bir qayda pozuntusu etmədiyinə görə polis əməkdaşlarından saxlama səbəbini soruşmuş, həmin vaxt ona avtomobilin işıqlarını yandırmasını tələb etmiş, o, da işıqları yandırmış, bundan sonra həmin polis əməkdaşları ona avtomobildə olan “led” faralara icazə olmadığını bildirmişlər. O, da öz növbəsində polis əməkdaşlarına bildirmişdir ki, həmin fara lupalı “led” faradır və onun istifadəsinə də qanunla icazə var. Polis əməkdaşı yenidən icazə olmadığını bildirdi. Bundan sonra digər polis əməkdaşı ora gələrək həmin faraya icazə olduğunu, lakin avtomobilə quraşdırılmış olan “Wrangler” duman işıqlarına icazə olmadığını bildirdi. O, da həmin məsələdə heç nə deyə bilməyəcəyini və ona cərimə yazılmasına etiraz etmədiyini, lazım gələrsə sözügedən duman işqılarını özünün çıxara biləcəyini bildirmişdir. Lakin polis əməkdaşı avtomobilin duracağa getməli olduğunu dedi. O da həmin pozuntunu yerindən aradan qaldıracağını və avtomobil duracağa getməsinə ehtiyac olmadığını bildirdi. Polis əməkdaşları yenidən avtomobilin duracağa getməli olduğunu və avtomobilin açarını onlara verməsini dedikdə, o, avtomobilin onun şəxsi mülki olduğunu və dedikləri pozuntunu da yerində aradan qaldıracağını bildirnişdir. Bundan sonra həmin yerə post patrul əməkdaşları çağırılmış, özü avtomobilini idarə edərək duracaqda saxlamış və sonra PPX əməkdaşları onu şöbəyə aparmışlar. O, hadisə vaxtı heç bir səs-küy salmamış və hər hansı polis əməkdaşına tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid ifadə verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə Müseyib Bağırov küçəsində xidmətdə olan zaman “Ford” markalı **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin işıq cihazlarına əlavə avadanlıq quraşdırdığına görə saxlamışlar, o, sürücüyə həmin pozuntuya görə avtomobilin müvəqqəti mühafizə olunan duracağa yerləşdiriləcəyini bildirdikdə sürücü etiraz edərək, avtomibilin onun şəxsi mülkü olduğunu, avtomobilin duracağa aparılmasına icazə vermədiyini bildirmişdir. Onu dəfələrlə tabe olmağa dəvət etsə də “Xeyir, mən tabe olmuram” demişdir. Bundan sonra PPX əməkdaşlarına hadisə yerinə dəvət etmiş və sürücünü 1-ci polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta, şahid ifadəsi, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir İş materiallarına əlavə edilmiş: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DVD-diskdə olan video görüntüdən görünür ki, hadisə zamanı Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və hadisə yerində səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Hadisənin görüntülərini özündə əks etdirən DVD-disk və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini və törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, ilk dəfə belə bir inzibati xəta törətməsini, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları və İXMnin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-316/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-316/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver