Məhkəmə qərarları › İş №3(5-121)-392/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-392/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-392/2026 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Kəlbəcər rayonu, Təkəqaya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu, Təkəqaya ərazi dairəsi, Təkəqaya kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs qətnamə qanuni qüvvəsini alan gündən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 340 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün bildiriş verilmişdir. Lakin o, tələbin təmin edilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə borclu Şəxs icra sənədi üzrə 1060 manat borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, inzibati xəta haqqında protokol məhkəməyə daxil olduqdan sonra məhkəmə iclasları dövründə borclu icra sənədi üzrə borcdan 500 manat ödəniş etmişdir. Hazırda onun 560 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs icra sənədi üzrə borcunu bütövlükdə tələb edir, həmçinin borclu tərəfindən edilən ödənişləri təsdiq edir. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, uşaqlarından biri yetkinlik yaşına çatmışdır. İcra sənədi üzrə hər ay 200 manat ödəniş edir. Belə ki, tələbkara xx.xx.2026-cı il tarixdə 200 manat, xx.xx.2026-cı il tarixdə 300 manat olmaqla, cəmi 500 manat ödəniş etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Bərdə Rayon Məhkəməsinin 2(021)-3398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 31 dekabr 2007-ci il təvəllüdlü X2 və 23 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(021)-3384/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməklə cavabdeh Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi təmin edildiyindən 36,80 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. - “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmiş və icra sənədini könüllü icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, onun hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. O, borcundan 1000 manatını 2024-cü ilin oktyabr ayının sonunadək ödəyəcək, yerdə qalan borcunu isə hər ay azı 400 manat olmaqla, ödəniş edəcək ki, yaranmış olan borcu azalsın. Odur ki, ona vaxt verilməsini xahiş etmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, onun hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. O, borcunu alimentlə bir yerdə olmaqla, cəmi hər ay azı 400 manat olmaqla ödəniş edəcək ki, yaranmış olan borcu azalsın. Odur ki, ona vaxt verilməsini xahiş etmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, onun hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. O, işləyən zaman yıxılmış və ayağı qırılmışdır. Hazırda bura əsa ilə gəlmişdir. Bununla bağlı həkim kağızlarını təqdim edəcək. Lakin o, borcunu alimentlə bir yerdə olmaqla, cəmi hər ay azı 400 manat olmaqla ödəniş edəcək ki, yaranmış olan borcu azalsın. Odur ki, ona vaxt verilməsini xahiş etmişdir. - Borclu Şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, onun hazırda borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. O, hər ay azı cəmi 200 manat aliment ödəyə bilər ki, yaranmış aliment borcu azalsın. - “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bankda pul vəsaitinin, depozitin, əmanətin, daşınar və yaxud daşınmaz əmlakının olub-olmamasına dair elektron qaydada aidiyyəti dövlət qurumlarına sorğular verilmiş, lakin borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlakını aşkar etmək mümkün olmamışdır. - Tələbkar Zərərçəkmiş şəxs icra sənədi ilə bağlı İdarədə verdiyi xx.xx.2026-cı il tarixli izahatında bildirmişdir ki, borclu Şəxs 2026-cı ilin yanvar ayında daxil olmaqla, ona 1060 manat aliment borcu qalmaqdadır. Borclu Şəxs yaranmış borcunu ödəmədiyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. - Borclu Şəxs xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs olan 1060 manat aliment borcundan həmin gün 200 (iki yüz) manat ödəniş etmişdir. Qalan borcundan 300 (üç yüz) manat ödəniş edə bilməyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ödəməyəcəyi təqdirdə məsuliyyəti ona izah edilmişdir. - İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən tələbkara xx.xx.2026-cı il tarixdə 200 manat, xx.xx.2026-cı il tarixdə ayrılıqda 150 manat olmaqla, cəmi 300 manat ödəniş edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3398/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və bugünədək Şəxs tərəfindən borcundan ödənişlər edilmiş və o, geri qalan məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu tərəfindən hər ay tam şəkildə olmasa da, mütəmadi ödənişlər edilmiş, həmçinin borclu xx.xx.2026-cı il tarixdə 200 manat, xx.xx.2026-cı il tarixdə 300 manat olmaqla, cəmi 500 manat ödəniş edərək, məhkəmə iclasında verdiyi ifadəsində borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, məhkəmə borclu Şəxs yaranmış borcdan müəyyən ödənişlər etməsini və qalıq qalan borcu tələbkar tərəflə razılıq əldə edərək yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar